“Sumqayıt”ın baş məşqçisi: Əsas məqsədimiz Premyer Liqada qalmaq idi
Sumqayıt, 22 may, AZƏRTAC
Futbol üzrə Azərbaycan Premyer Liqasında XXXV tura yekun vurulub. Çempionluğunu rəsmiləşdirən “Qarabağ” “Sumqayıt”a 1:2 hesabı ilə uduzub.
AZƏRTAC xəbər verir ki, “Gənclik şəhəri” təmsilçilərindən 33-cü dəqiqədə penaltidən Vüsal İsgəndərli, 39-cu dəqiqədə Səbuhi Abdullazadə komandaya qələbə qazandırdılar. “Qarabag”da isə 89-cu dəqiqədə Riçard Almeyda fərqlənib.
Oyundan sonra “Sumqayıt”ın baş məşqçisi Samir Abasov “Qarabağ” matçı ilə bu fikirləri söyləyib: “Komandamı təbrik edirəm. Oyunlar paralel olaraq gedirdi. Öz oyunumuz qədər digər matçlar da vacib idi. Digər oyunlardakı nəticələr də bizi liqada saxlaya bilərdi. Amma xoş olan odur ki, “Qarabağ”ı məğlub etməklə öz hesabımıza Premyer Liqada qaldıq. O biri komandalara ümid etmədik. Futbolçularımı, azarkeşlərimizi təbrik edirəm. Bir oyunumuz qalıb, ona da hazırlaşacağıq. Həmin matçı keçirib daha sonra planlarımızı quracağıq. Əsas məqsədimiz Premyer Liqada qalmaq idi. Allaha şükürlər olsun ki, öhdəsindən gəldik”.
Qeyd edək ki, “Sumqayıt” komandası turnir cədvəlində 28 xalla 8-ci yerdə qərarlaşıb.