“SURAXANINEFT” NEFT VƏ QAZÇIXARMA İDARƏSİNİN KOLLEKTİVİNƏ
Sizi “Suraxanı” neft yatağının sənaye üsulu ilə istismarının 100 illiyi münasibətilə səmimi qəlbdən təbrik edirəm.
Bir əsr əvvəl baş verən bu mühüm hadisə ölkəmizin iqtisadi inkişafına dəyərli töhfəsini vermiş, Azərbaycanın dünyada neft diyarı kimi tanınmasında mühüm rol oynamışdır. Bu günə qədər həmin ərazidə 2500 quyunun qazılması və 15 milyon ton neftin, 11 milyard kubmetr qazın hasil olunması bunu əyani surətdə təsdiqləyir. Burada müasir texnologiyaların tətbiqi yatağın məhsuldarlığını əhəmiyyətli dərəcədə artırmışdır. Çıxarılan neftin yüksək keyfiyyəti hazırlanan neft məhsullarının dünya bazarında rəqabətli olmasına geniş zəmin yaratmışdır.
Bu əlamətdar yubiley önəmli bir vaxta təsadüf edir. Ümummilli liderimiz Heydər Əliyevin memarı olduğu yeni neft strategiyası çərçivəsində imzalanan “Əsrin müqaviləsi”nin 10-cu ildönümünü təntənə ilə qeyd etməyə hazırlaşırıq. Azərbaycanın neft sənayesinin çoxəsrlik tarixində əvəzsiz rolu olan bu müqavilə həm iqtisadi, həm də siyasi cəhətdən müstəsna əhəmiyyətə malikdir.
Xüsusi işgüzarlığı ilə fərqlənən “Suraxanıneft” Neft və Qazçıxarma İdarəsi ixtisaslı kadr potensialı ilə də seçilmişdir. Xalqımız burada yetişmiş, ölkəmizdən uzaqlarda da şöhrət tapmış neft ustaları ilə haqlı olaraq fəxr edir.
Əminəm ki, Siz, Azərbaycan neftçisi adını həmişə uca tutaraq, müstəqil respublikamızın iqtisadiyyatının daha da möhkəmlənməsində, vətənimizin qüdrətli bir dövlətə çevrilməsində öz səylərinizi əsirgəməyəcəksiniz.
Hörmətli neftçilər! Əlamətdar yubiley münasibətilə kollektivinizin hər bir üzvünü bir daha təbrik edir, sizə cansağlığı və ailə səadəti arzulayıram.
İlham Əliyev,
Azərbaycan Respublikasının Prezidenti.
Bakı şəhəri, 23 avqust 2004-cü il.