MƏDƏNİYYƏT
“Şuşa mədəniyyətinin inciləri”: Firidun bəy Köçərli
Bakı, 17 oktyabr, AZƏRTAC
“Şuşa İli” münasibətilə Mədəniyyət Nazirliyi tərəfindən həyata keçirilən “Şuşa mədəniyyətinin inciləri” layihəsi davam edir.
Nazirlikdən AZƏRTAC-a bildirilib ki, layihənin “Şuşanın ədəbi həyatı” bölməsi üzrə növbəti təqdimat Firidun bəy Köçərliyə həsr olunub.
Firidun bəy Köçərli 26 yanvar 1863-cü ildə Şuşa şəhərində anadan olub. Azərbaycan ədəbiyyatşünaslığı və pedaqoji fikri tarixində məşhur "Azərbaycan alimi, tənqidçi və pedaqoqu" kimi dəyərləndirilən Firidun bəy Köçərli tərəqqipərvər elm və ədəbiyyat xadimləri sırasında xüsusi yer tutan şəxsiyyətlərdəndir. 1884-cü ildə Qori müəllimlər seminariyasında təhsil alarkən "Təlimi-Sokrat" əsərini yazıb. 1886-cı ildə ilk teatr tamaşasını qoyub.
1890-cı ildə isə İrəvanda "Müsyö Jordan və dərviş Məstəli şah" komediyasını tamaşaya qoyub. A.Koltsovun "A kişi, niyə yatıbsan?" şeirlərinin tərcüməsindən ibarət kitabı Şuşada çap edilib. M.F.Axundzadənin, Cəlil Məmmədquluzadənin və başqa yerli və xarici yazarların əsərlərini digər dillərə tərcümə edib.
1910-cu ildə Qori seminariyasının Azərbaycan şöbəsinin müvəqqəti təlimatçısı təyin olunur. 1918-ci ildə Qori Müəllimlər Seminariyasının Azərbaycan şöbəsini tədris ləvazimatı və avadanlığı ilə birlikdə öz xərcinə Qazax şəhərinə köçürüb, bunun əsasında Azərbaycan Müəllimlər Seminariyası yaradılıb. Firidun bəy Köçərli seminariyanın direktoru təyin olunur. Sonradan Qazaxda ilk uşaq evi açır.
“Vətən dilinin" I hissəsinin (VII nəşr) yenidən işlənməsində Firidun bəyin xidmətləri böyükdür. O, 300-dən artıq dərsliyə düzəliş edib, nəzəri materialı, hekayələri artırıb, metodika və stilistikasını dəyişdirərək zənginləşdirib. Köçərlinin "Darı və buğda" əsəri "Vətən dilinə" salınıb.
Ölümündən sonra 1925-ci ildə "Azərbaycan ədəbiyyatı tarixi materialları" kitabının I hissəsi 1926-cı ildə isə kitabın II hissəsi çap edilib. Uşaqlar üçün yazdığı "Balalara hədiyyə" kitabı isə 1967, 1972 və 2013-cü illərdə çap edilib.