Şuşa sakini: Doğma torpaqlara fəxr və qürur hissi ilə qayıdırıq VİDEO
Bakı, 17 avqust, AZƏRTAC
Uzun illər həsrətlə gözlənilən qayıdış artıq arzudan gerçəyə çevrilir. Şuşanın Qaladərəsi, Cəbrayılın Güneyxırman və Quzeyxırman kəndlərinə köç edən sakinlər ata-baba torpaqlarına dönərək doğma yurdlarında yeni həyat qurmağa başlayırlar.
AZƏRTAC xəbər verir ki, Şuşa rayonunun Qaladərəsi kəndinə köçənlər arasında Orxan Qasımov da var. Onun üçün bu köç, bu qayıdış böyük mənəvi anlam daşıyır.
“Şuşa rayonu Qaladərəsi kəndinə köçürük. Atamızın döyüşdüyü torpaqlara qayıdırıq. Öz kəndimizi canlandırmağa, yenidən orada həyat qurmağa gedirik”, - deyə Orxan Qasımov bildirib.
O, doğma kəndin yenidən canlanmasının sevincini yaşayır. Deyir ki, kənd həyatı şəhərdə yaşayan bir çox insanın xəyalıdır. Qaladərəsi isə onun üçün bu xəyaldan daha böyük məna daşıyır. Bura onun ata torpağı, yurdu və qayıtmaq üçün illər boyu gözlədiyi ünvandır.
“Ora bizim ata torpağımızdır, yurdumuzdur. Biz orada hansı iş olsa, görüb yaşayacağıq. Təbiətin, oranın havasının gözəlliyi insanı sağaldır, ruhən gəncləşdirir. Həm də insanın, necə deyim, yaşamağa həvəsi olur”, - deyə Şuşanın gənc sakini qeyd edib.
Orxanın sözlərində Qaladərəsinin təbiətinə heyranlıqla yanaşı, doğma yurda qayıdışın yaratdığı qürur da hiss olunur. Onun fikrincə, bu torpaqlara dönüş həm də şəhidlərin xatirəsinə ehtiramın ifadəsidir.
“Həqiqətən də Allah bizə bir nemət bəxş edib. Yəni tökülən qanların bahasına biz oraya qayıdırıqsa, fəxr, sevinc hissi ilə gedirik. İnşallah, yaxşı olar”, - deyə keçmiş məcburi köçkün bildirib.