TACİKİSTANIN MİLLİ BAYRAMI ŞƏRƏFİNƏ
AZƏRTAC xəbər verir ki, sentyabrın 5-də Tacikistanın Azərbaycandakı səfirliyi ölkəsinin milli bayramı - dövlət müstəqilliyinin 17-ci ildönümü münasibətilə rəsmi qəbul təşkil etmişdir.
Tacikistanın ölkəmizdəki səfiri Zakir Vəzirov qonaqları salamlayaraq demişdir ki, artıq 17 ildir Tacikistan və Azərbaycan müstəqil dövlətlər kimi inkişaf edirlər. Səfir Tacikistan ilə Azərbaycan arasında dostluq əlaqələrinin möhkəmlənməsində Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin, prezidentlər İlham Əliyevin və Emoməli Rəhmonun xidmətini xüsusi vurğulamışdır. Diplomat bildirmişdir ki, Tacikistan ilə Azərbaycan arasında ənənəvi dostluq və əməkdaşlıq münasibətləri ölkələrimizin və xalqlarımızın mənafeyi naminə, bütövlükdə regionda sülh və tərəqqi naminə bundan sonra da dinamik inkişaf edəcək və möhkəmlənəcəkdir.
Sonra Milli Məclis sədrinin müavini Valeh Ələsgərov Azərbaycan Prezidenti İlham Əliyevin adından milli bayram münasibətilə Tacikistan xalqını təbrik etmişdir.
Azərbaycan-Tacikistan əlaqələrinin möhkəm təməl üzərində qurulduğunu vurğulayan V.Ələsgərov demişdir ki, biz bir-birinə rəğbət hissləri bəsləyən ölkələrimizin və xalqlarımızın qarşılıqlı münasibətləri sahəsində toplanmış təcrübəni çox qiymətli hesab edirik və bu münasibətləri gələcək nəsillər üçün qoruyub saxlamaq, genişləndirmək əzmindəyik.
Qəbulda Azərbaycanın dövlət və hökumət rəsmiləri, xarici ölkələrin səfirləri, milli icmaların, dini konfessiyaların, paytaxt ictimaiyyətinin nümayəndələri iştirak etmişlər.
######
