Tacikistanın Milli Universitetinin tələbələri Azərbaycan həqiqətləri barədə məlumatlandırılıblar
Düşənbə, 17 mart, AZƏRTAC
Azərbaycanın Tacikistandakı səfiri Abbasəli Həsənov bu ölkənin Milli Universitetinin tələbələri qarşısında tacik dilində mühazirə oxuyub.
Universitetin rektoru Mahmayusuf İmomov bu işin Pakistan, İran, Qazaxıstan, Türkmənistan və digər ölkələrin səfirlikləri ilə davam etdiriləcəyini deyib.
Səfir A.Həsənov çıxışında ümummilli lider Heydər Əliyevin müasir müstəqil Azərbaycanın inkişafında rolu, ölkəmizin xarici siyasətinin prioritetləri, Azərbaycan iqtisadiyyatı, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi, Tacikistan ilə əlaqələr, Heydər Əliyev Fondunun humanitar fəaliyyəti, 2016-cı ilin Azərbaycanda “Multikulturalizm ili” elan olunması, ölkəmizdə Novruz bayramının qeyd olunması kimi mövzulara toxunub.
Diplomat deyib ki, Azərbaycan-Tacikistan əlaqələrinin əsası ümummilli lider Heydər Əliyev və Tacikistan Prezidenti, Sülh və Həmrəyliyin banisi - Milli Lider Emoməli Rəhmon tərəfindən qoyulub. Hazırda bu siyasət dövlət başçılarımız İlham Əliyev və Emoməli Rəhmon tərəfindən uğurla davam etdirilir.
Qeyd edilib ki, ikitərəfli münasibətlərin inkişaf etdirilməsi üçün hüquqi baza yaradılıb. İndiyədək 40-dan artıq sənəd imzalanıb. 2012-ci ildə Tacikistan Prezidenti Emoməli Rəhmonun Azərbaycana, 2014-cü ildə Azərbaycan dövlətinin başçısı İlham Əliyevin Tacikistana rəsmi səfərləri həyata keçirilib, uğurlu danışıqlar aparılıb.
Səfir Ermənistanın Azərbaycana qarşı təcavüzkar siyasətindən də danışıb. Diqqətə çatdırılıb ki, Azərbaycan xalqına qarşı ermənilər tərəfindən 1905-1907-ci, 1918-1920-ci illərdə və 1992-ci ildə Xocalı şəhərində soyqırımı həyata keçirilib. 1948-1953-ci illərdə 150 min, 1988-1992-ci illərdə 300 minə yaxın azərbaycanlı Ermənistandan, öz doğma tarixi torpaqlarından qovulub. 1926-1939-cu illərdə təkcə Naxçıvandan 50 min azərbaycanlı sürgün edilib, İran, Türkiyə, Suriya, Livan və s. ölkələrdən 5 min erməni köçürülüb. Nə üçün 5 min, çünki bundan artıq erməni tapa bilməyiblər. Məqsəd gələcəkdə Naxçıvanın Ermənistana verilməsini asanlaşdırmaq idi. Buna baxmayaraq, Ermənistan 1988-ci ildə Azərbaycanın Dağlıq Qarabağ ərazisinə təcavüz edib və torpaqlarımızın 20 faizi işğal edilib, nəticədə 1 milyondan artıq azərbaycanlı qaçqın və məcburi köçkünə çevrilib. 1994-cü ildə isə ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə Ermənistanla Azərbaycan arasında atəşkəs sazişi imzalanıb.
Vurğulanıb ki, Azərbaycan xalqının dəvəti ilə 1993-cü ildə siyasi hakimiyyətə qayıdan və müstəqil Azərbaycana rəhbərlik edən ulu öndər Heydər Əliyevin uzaqgörən siyasəti Azərbaycan xalqını və dövlətini məhv olmaqdan xilas edib.
Səfir Heydər Əliyev Fondunun fəaliyyəti haqqında danışarkən bildirib ki, Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın rəhbərlik etdiyi Fond təkcə ölkə daxilində deyil, xaricdə də humanitar layihələr həyata keçirir.
Qeyd olunub ki, 2016-cı il Azərbaycanda “Multikulturalizm ili” elan edilib. Azərbaycanda Beynəlxalq Humanitar Forum, Bakı Qlobal Forumu, Mədəniyyətlərarası Dialoq Forumu kimi mötəbər tədbirlər və beynəlxalq yarışlar keçirilir. Bu tədbirlər Azərbaycanı regionun diplomatiya mərkəzinə çevirib.
Səfir çıxışında Azərbaycanda Novruz bayramının qeyd edilməsi haqqında da danışıb.
Mühazirə zamanı mövzu ilə bağlı videosüjetlər də göstərilib.
Sonda səfir sualları cavablandırıb.
Qulu Kəngərli
AZƏRTAC-ın xüsusi müxbiri
Düşənbə