Tallində 28 May - Müstəqillik Günü münasibətilə təntənəli mərasim
Bakı, 25 may, AZƏRTAC
28 May – Müstəqillik Günü münasibətilə Azərbaycanın Estoniyadakı səfirliyi tərəfindən Tallində təntənəli mərasim təşkil olunub.
Səfirlikdən AZƏRTAC-a bildirilib ki, Estoniyanın və Azərbaycanın Dövlət himnlərinin səsləndirilməsi ilə başlayan tədbirdə çıxış edən səfir Anar Məhərrəmov 1918-ci il mayın 28-də müsəlman Şərqində ilk demokratik parlamentli respublikanın – Azərbaycan Xalq Cümhuriyyətinin elan edilməsinin tarixi hadisə olduğunu və ölkə dövlətçiliyinin inkişafında şanlı səhifələrdən birini təşkil etdiyini, qısa müddət ərzində Cümhuriyyətin dövlət quruculuğu prosesində böyük uğurlar qazandığını qeyd edib.
Ölkəmizin 1991-ci ildə öz müstəqilliyini bərpa etdiyi, bununla belə müstəqilliyin ilk günlərdən çətinliklərlə üzləşdiyi vurğulanaraq, məhz xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdan Ümummilli Lider Heydər Əliyevin uzaqgörənliyi və müdrik siyasəti sayəsində ölkədə siyasi, iqtisadi və maliyyə sabitliyinin yarandığı diqqətə çatdırılıb.
Qeyd olunub ki, Heydər Əliyevin təşəbbüsü ilə aparılan islahatlar hazırda Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir, ölkəmizin təşəbbüsü ilə nəhəng enerji, nəqliyyat layihələri həyata keçirilir.
Estoniya - Azərbaycan parlamentlərarası dostluq qrupunun sədri Mariya Yufereva-Skuratovski Müstəqillik Günü münasibətilə Azərbaycan xalqına təbriklərini çatdırıb. İkitərəfli münasibətlərə toxunan M.Yufereva-Skuratovski Estoniya ilə Azərbaycan arasında çoxillik dostluq və səmərəli əməkdaşlığın qarşılıqlı hörmət, etimad və bir-birinə səmimi maraq əsasında qurulduğunu bildirib.
Tədbirdə Estoniya parlamentinin üzvləri, dövlət və hökumət qurumlarının nümayəndələri, bu ölkədə akkreditə olunan diplomatik korpusun rəhbərləri və əməkdaşları, həmçinin Estoniyadakı Azərbaycan və tatar icmalarının nümayəndələri iştirak ediblər.