Tanınmış şair Qəşəm Nəcəfzadə ilə görüş keçirilib
Bakı, 19 may, AZƏRTAC
Bakı Dövlət Universitetinin Kitabxanaçılıq və informasiya fakültəsində Əməkdar mədəniyyət işçisi, tanınmış şair Qəşəm Nəcəfzadə ilə görüş keçirilib.
AZƏRTAC xəbər verir ki, tədbirdə fakültənin dekanı Ələmdar Cabbarlı tələbələrə şairin həyat və yaradıcılığı haqqında geniş məlumat verib.
“Qəşəm Nəcəfzadənin indiyə kimi qırx şeir kitabı çap olunub və bu kitablardan on səkkizi dünya ölkələrində işıq üzü görüb. Onun yaradıcılığında insan, ölüm, həyat, Vətən, vətənin dünəni, bu günü və sabaha haqqında şeirlər mühüm yer tutur. Qəşəm Nəcəfzadə 44 günlük Vətən müharibəsinə, şəhidlərimizə və qazilərimizə xeyli maraqlı, yaddaqalan şeirlər həsr edib”, - deyə Ə.Cabbarlı bildirib.
Görüşdə şair haqqında kiçik bir film nümayiş olunub. Tələbələrin şairin yaradıcılığı haqqında hazırladığı ədəbi-bədii kompozisiya maraqla qarşılanıb. Sonda Qəşəm Nəcəfzadə yeni şeirlərini oxuyub, tələbələrin çoxsaylı suallarını cavablandırıb və yeni çapdan çıxan kitablarını tələbələrə hədiyyə edib.