Tarix Muzeyində kolleksioner Azad Hüseynova təşəkkürnamə təqdim olunub
Bakı, 11 iyun, AZƏRTAC
Milli Azərbaycan Tarixi Muzeyində kolleksioner Azad Hüseynova təşəkkürnamə təqdim olunub.
Tarix Muzeyindən AZƏRTAC-a bildirilib ki, ötən il təşkil olunmuş “Azərbaycan İkinci Dünya müharibəsi illərində” sərgisində muzeydə qorunan eksponatlarla yanaşı, A.Hüseynovun kolleksiyasından 70-dən çox eksponat nümayiş olunub. Azad Hüseynov 1920-1940-cı illərə, xüsusilə Azərbaycan milli hərbi hissələrinə aid uniforma və ləvazimat toplamaqla məşğul olaraq tariximizin bu vacib səhifəsini öyrənir.
Muzeyin baş direktoru, akademik Nailə Vəlixanlı vurğulayıb ki, fərdi kolleksionerin təqdim etdiyi eksponatlar 1941-1945-ci illərdə faşizmə qarşı döyüşlərdə iştirak etmiş Azərbaycan milli diviziyaları və ya azərbaycanlıların xidmət etdiyi hərbi hissələrin uniforma və ləvazimatı olduğundan sərgiyə xüsusi əhəmiyyət veriblər. A.Hüseynova, həmçinin muzeyin nəşrlərindən ibarət hədiyyələr təqdim olunub.
Göstərilən diqqətə görə təşəkkürünü bildirən Azad Hüseynov Azərbaycan hərb tarixinin öyrənilməsində və təbliğ edilməsində muzeyin fəaliyyətinə uğurlar arzulayıb.