Tarix Muzeyində Səfəvilər dövrünə aid maddi mədəniyyət nümunələri qorunur
Bakı, 18 iyul, AZƏRTAC
AMEA-nın Milli Azərbaycan Tarixi Muzeyinin kolleksiyasında Səfəvilər dövrünə aid müxtəlif adda maddi mədəniyyət nümunələri qorunur.
Bu barədə AZƏRTAC-a muzeydən məlumat verilib.
Muzeyin Etnoqrafiya fondunda qorunan, Səfəvilər dövrünə aid Azərbaycan şəhərlərində istifadə edilən ziyafət qablarından biri də badələrdir. Bu tip qablar XVI-XVII əsr maddi nümunələri olub, yüksək dekorativ xüsusiyyətləri ilə seçilir. Muzeydə qeyd edilən dövrə aid mis armudu stəkan da qorunur. Azərbaycan xalqının məişət, süfrə mədəniyyətinin ayrılmaz tərkib hissəsi olan armudu stəkanlar dəyərli nümunə kimi xüsusi əhəmiyyət kəsb edir. Müəssisənin fondunda saxlanılan Səfəvilər dövrünə aid divar bəzəyi, sini, süfrə və digər maddi mədəniyyət nümunələri də diqqəti cəlb edir.
Azərbaycan dövlətçilik tarixində böyük xidmətləri olan görkəmli şəxsiyyət, Səfəvilər dövlətinin banisi, sərkərdə və şair Şah İsmayıl Xətai 1487-ci ildə Ərdəbil şəhərində anadan olub. Atası Şeyx Heydər, anası Ağqoyunlu hökmdarı Uzun Həsənin qızı Aləmşahbəyimdir. Şah İsmayıl 1499-cu ildə, hələ 12 yaşında ikən silahlı mübarizənin ön sırasında dayanaraq ətrafına topladığı döyüşçülər üçün ilham mənbəyi və döyüşkənlik meyarı olub. Şah İsmayılın sərkərdəliyi haqqında kifayət qədər məlumatlara rast gəlmək mümkündür.
Müdrik və ağıllı bir dövlət başçısı оlmaqla bərabər, Şah İsmayıl milli ədəbiyyatın formalaşmasına, poeziya nümunələrinin ana dilində yaranmasına böyük dəstək olub. 500 ildən artıqdır ki, Xətainin əsərləri Azərbaycan, Türkiyə, İran, Özbəkistan və digər ölkələrdə böyük maraqla oxunur. Şah İsmayıl maddi mədəniyyətin inkişafına da xüsusi diqqət yetirib. XVI əsrin əvvəllərində Təbrizdə, öz sarayında yaratdığı kitabxana sənət mərkəzinə çevrilmişdi. Kitabxanaya şairlər, elm və mədəniyyət xadimləri ilə birlikdə rəssamlar da toplaşırdılar. Kitabxananın nəzdində bədii emalatxana yaradılmış və burada Sultan Məhəmməd, Sadiq bəy Əfşar, Dust Məhəmməd kimi qüdrətli fırça ustaları fəaliyyət göstəriblər. Onlar xalça və bədii parçaların çeşnilərini verib və bunların əsasında toxunmuş zərif xalçalar və parçalar geniş yayılmışdı.