Tarixi Yerlər və Abidələr III Beynəlxalq Ağsu Simpoziumu işini yekunlaşdırıb
Ağsu, 18 oktyabr, Adil Ağayev, AZƏRTAC
Oktyabrın 15-17-də professor Kamil İbrahimovun xatirəsinə həsr olunan və Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin “Orta əsr Ağsu şəhəri” Dövlət Tarix-Mədəniyyət Qoruğu, “Miras” Mədəni İrsin Öyrənilməsinə Kömək İctimai Birliyi, Gürcüstan Qafqaz İrsi Tədqiqat İnstitutu, İtaliya YOCOCU Assosiasiyası və Ağsu Tədris Mərkəzinin birgə təşkilatçılığı ilə keçirilən Tarixi Yerlər və Abidələr III Beynəlxalq Ağsu Simpoziumu işini yekunlaşdırıb.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, simpozium işini üç gün ərzində, 4 bölmədə “Miras” Mədəni İrsin Öyrənilməsinə Kömək İctimai Birliyinin yutub, “Orta əsr Ağsu şəhəri” Dövlət Tarix-Mədəniyyət Qoruğunun feysbuk, tviter və instaqram hesablarında canlı yayım formasında davam etdirib. Ümumilikdə 30-dan çox məruzə-çıxış və dörd poster təqdim olunub. İştirakçılara sertifikatlar təqdim olunub.
Simpoziumun yekun iclasında “Tarixi İpək yolu” turizm marşrutu layihəsi haqqında məlumat verilib. Arxeoloji, etnoqrafik və aqroturizm baxımdan mühüm əhəmiyyət kəsb edən bu layihə qədim və orta əsrlər dövrlərində Şamaxı və Ağsu arasındakı Ortabulaq yolu olan tarixi İpək yolunu nəzərdə tutur və Qazan arxı, Pir Bəxtiyar türbəsi, Cavanşir yaşayış yeri, Şeyx Dursun türbəsi, Kələxana türbələri, Nərgizava nekropolu kimi abidələri ehtiva edir.
Həmçinin simpozium çərçivəsində “Günəşə doğru köç: Tərəkəmə qadın” filminin təqdimatı keçirilib.