Tarixi Zəfərimiz rəssamların əsərlərində
Bakı, 3 noyabr, AZƏRTAC
Noyabrın 3-də Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının Sərgi-muzey kompleksində “Tarixi Zəfər” adlı elmi konfrans keçirilib və sərgi açılıb.
AZƏRTAC xəbər verir ki, sərgidə professor-müəllim heyətinin, Rəssamlıq Akademiyasının və onun nəzdində fəaliyyət göstərən İncəsənət Kollecinin tələbələrinin tarixi Zəfərə həsr olunmuş əsərləri nümayiş olunub.
Tədbirdə ilk olaraq Vətən müharibəsi şəhidlərinin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Dövlət Himni səsləndirilib.
Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının rektoru, akademik Ömər Eldarov çıxış edərək Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında 44 gün ərzində Vətən müharibəsində qazanılmış tarixi Zəfərdən danışıb. Bildirib ki, hazırda bu Qələbə bütün yaradıcı insanların əsas mövzusuna çevrilib və yaşadığımız bu böyük Qələbə sevinci sənətdə də əksini tapmaqdadır.
Elmi konfransda Əməkdar incəsənət xadimi, sənətşünaslıq üzrə fəlsəfə doktoru Ziyadxan Əliyev “Təsviri sənətdə Qarabağ hadisələrinin əksi”, Əməkdar rəssam Məmmədhüseyn Hüseynov “Mədəni irsimizdə Qarabağ sədası”, sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent Rima Qafarova “Zəfər günü-dövlətçilik tariximizin ən şərəfli günü kimi”, tarix üzrə fəlsəfə doktoru, dosent Sevinc Vahabova “Milli Azərbaycan Tarixi-Muzeyinin kolleksiyasında saxlanılan Vətən müharibəsi materialları” mövzusunda çıxış ediblər.
Daha sonra Rəssamlıq Akademiyasının II Qarabağ müharibəsində iştirak edən əməkdaş, tələbə və məzunlarına mükafatlar verilib.
Tədbirin sonunda vətənpərvərlik mövzusunda videoçarx nümayiş olunub.