TASİS PROQRAMI ÇƏRÇİVƏSİNDƏ DAHA BİR LAYİHƏ BAŞA ÇATMIŞDIR
AZƏRTAC xəbər verir ki, fevralın 4-də Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçiliyi Akademiyasında Avropa Birliyinin TASİS Proqramı çərçivəsində dövlət qulluğu sahəsində islahatlara yardım üzrə layihənin başa çatmasına həsr olunmuş tədbir keçirilmişdir.
Akademiyanın rektoru Seyfəddin Qəndilov, Prezidentin İcra Aparatı qanunvericilik və hüquq ekspertizası məsələləri şöbəsinin böyük məsləhətçisi Bəhram Xəlilov, Avropa Birliyinin Azərbaycana texniki yardım bürosunun əlaqələndirmə üzrə icraçı direktoru Əsgər Ələkbərov çıxış etmişlər. Məlumat verilmişdir ki, Niderlandın ARKADİS BMB və Almaniyanın GTZ təşkilatı tərəfindən həyata keçirilən, 24 ay davam edən layihənin ofisi adıçəkilən təhsil ocağında olmuşdur. İki il ərzində Dövlət Qulluğunu İdarəetmə Şurası yaradılmış, ölkədə dövlət qulluğu və inzibati islahatların həyata keçirilməsi üzrə konsepsiya, ”Dövlət qulluğu haqqında” Qanunun icra strategiyası işlənib hazırlanmış, 12 nazirlikdə və Prezidentin İcra Aparatında kadrlar üzrə informasiya idarəetmə sistemi - dövlət qulluqçularının idarə edilməsi üzrə mərkəzləşdirilmiş məlumat bazası yaradılmış, dövlət qulluğu sahəsində islahatlarla bağlı müxtəlif mövzulara dair kitablar yazılmış, Qazaxıstan, Polşa və Slovakiya dövlət qulluğu agentliklərinə, Yunanıstan Dövlət İdarəçiliyi Nazirliyinə təlim səfərləri təşkil edilmiş, müxtəlif kurslar aparılmış, digər tədbirlər həyata keçirilmişdir. Natiqlər dövlət qulluğu sahəsində aparılan islahatları sürətləndirmək məqsədi ilə bu il yanvarın 19-da imzalanmış “Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Qulluğu məsələləri üzrə Komissiyanın yaradılması haqqında” Prezident Fərmanının əhəmiyyətini xüsusi vurğulamışlar.
Layihənin rəhbəri Ronald Yanq qonaqpərvərlik, səmimi münasibət və sıx əməkdaşlıq üçün Azərbaycan tərəfinə təşəkkür etmiş, fəaliyyətini bundan sonra Qırğızıstanda davam etdirəcəyini bildirmişdir. O, məlumat vermişdir ki, layihənin ofisindəki avadanlıq, dövlət qulluğu sahəsində islahatların həyata keçirilməsi müddətində toplanmış ədəbiyyat və yazılmış vəsaitlərdən ibarət zəngin kitabxana akademiyaya bağışlanır.
R.Yanq əmin olduğunu bildirmişdir ki, layihənin başa çatmasına baxmayaraq, Azərbaycan rəhbərliyi dövlət qulluğu sahəsində islahatları uğurla davam etdirəcəkdir. Çünki bundan ötrü zəruri qanunvericilik bazası yaradılmışdır.