Taxtakörpüdə bayram konserti
Ağcabədi, 14 iyun (AZƏRTAC, Tahir Ağaməmmədov). Xalqımızın tarixinin parlaq səhifəsi olan 15 İyun - Milli Qurtuluş Günü laçınlı məcburi köçkünlərin müvəqqəti məskunlaşdıqları Ağcabədi rayonunun Taxtakörpü ərazisində də təntənəli şəkildə qeyd olunmuşdur.
AZƏRTAC xəbər verir ki, rayon ictimaiyyətinin nümayəndələri əvvəlcə ümummilli lider Heydər Əliyevin Taxtakörpü qəsəbəsindəki büstü önünə çiçək dəstələri düzmüş, xatirəsini ehtiramla yad etmişlər.
Heydər Əliyev adına parkda keçirilən tədbirdə çıxış edənlər ötən əsrin 90-cı illərinin ictimai-siyasi hadisələrindən, 1993-cü ilin iyun hadisələri ərəfəsində respublikamızda yaranmış ağır vəziyyətdən, belə bir dövrdə xalqın təkidli tələbi ilə siyasi hakimiyyətə qayıdan ümummilli lider Heydər Əliyevin xilaskarlıq missiyasından danışmışlar. Qeyd edilmişdir ki, ulu öndər Heydər Əliyevin yorulmaz fəaliyyəti, yeritdiyi müdrik daxili və xarici siyasət nəticəsində müstəqilliyimiz dönməz xarakter almış, dövlət quruculuğu, milli ordunun formalaşdırılması, beynəlxalq aləmdə Azərbaycanın demokratik imicinin yaranması sahəsində böyük işlər görülmüşdür. Vurğulanmışdır ki, Ulu Öndərin gördüyü nəhəng işlər, onun ideyaları, siyasi xətti bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir və müstəqil Azərbaycan dövləti sürətlə inkişaf edir.
Bayram mərasimi rəngarəng konsert proqramı ilə davam etmişdir. Rayon musiqiçilərinin ifa etdikləri musiqi nömrələri laçınlı məcburi köçkünlər tərəfindən maraqla izlənilmişdir.