Tbilisidə 20 Yanvar şəhidlərinin xatirəsinin anım mərasimi keçirilmişdir
Tbilisi, 20 yanvar (AZƏRTAC). Tbilisi şəhərindəki M.F.Axundzadə adına Azərbaycan Mədəniyyət Muzeyində 20 Yanvar şəhidlərinin xatirəsinin anım mərasimi keçirilmişdir. Azərbaycan və gürcü ictimaiyyətinin nümayəndələrinin iştirakı ilə keçirilmiş tədbiri muzeyin direktoru Leyla Əliyeva açmış, şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad olunmuşdur.
Azərbaycanın Gürcüstandakı səfiri Azər Hüseyn tədbir iştirakçılarına faciənin səbəb və nəticələri barədə ətraflı məlumat vermişdir.
Muzeydə, həmçinin 20 Yanvar qətliamına həsr olunmuş fotolar və kitablar nümayiş etdirilmiş, Azərbaycan ombudsmanının faciənin 24-cü ildönümü ilə əlaqədar bəyanatının mətni iştirakçılara paylanmışdır.
Sonra 9 aprel şəhidlərinin Tbilisidəki abidəsi önünə Azərbaycan səfirliyi adından əklil qoyulmuşdur. Mərasimdə Gürcüstan parlamentinin vitse-spikeri Zurab Abaşidze, deputatlar, Azərbaycanın Gürcüstandakı səfiri Azər Hüseyn, səfirliyin əməkdaşları, ictimaiyyətin nümayəndələri iştirak etmişlər.
Zurab Abaşidze AZƏRTAC-ın xüsusi müxbirinə müsahibəsində demişdir: “Azərbaycan xalqının böyük kədərinə şərikəm və bu kədər bizim ümumi ağrımızdır. 1990-cı il yanvarın 20-də Bakıda, 1989-cu il aprelin 9-da isə Tbilisidə sovet imperiyası müstəqilliyini tələb edən dinc əhalinin üzərinə qoşun yeridib divan tutdu, çoxlu sayda şəhid verdik”.
Vitse-spiker əmin olduğunu bildirmişdir ki, müstəqil ölkələrimiz daha da çiçəklənəcək və bir daha belə faciələrə yol verilməyəcəkdir.
Abxaziya Muxtar Respublikası hökuməti sədrinin vəzifəsini icra edən Vaxtanq Kolbaya bildirmişdir ki, faciə milliyyət, sərhəd bilmir, yeganə odur ki, o, ağrı gətirir. Ötən əsrin sonlarında Azərbaycan və gürcü xalqları bu ağrıya məruz qalmışlar. Ümidvaram ki, xalqlarımız bu ağrıları bir daha yaşamayacaqlar. Biz bölgənin qlobal təhlükəsizliyinin təmin olunmasında səylərimizi birləşdirməliyik.
Gürcüstan parlamentinin deputatı Mahir Dərziyev demişdir ki, sovet imperiyasının çoxillik əsarətinə qarşı ayağa qalxmış xalqımız şəhidlər verdi. Artıq 24 ildir yanvarın 20-də Gürcüstanda da şəhidlərin xatirəsi anılır, ehsan süfrələri açılır, onların ruhuna dualar oxunur. Deputat qeyd etmişdir ki, Azərbaycan dövləti şəhid qanı hesabına qazanılmış müstəqilliyin daimi və dönməz olması üçün uğurlu siyasət yeridir. O əmin olduğunu bildirmişdir ki, Azərbaycanın və Gürcüstanın ərazi bütövlüyü tezliklə bərpa olunacaqdır.
İslam Əliyev
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi