Tbilisidə Cənubi Qafqazda Təhlükəsizlik Forumu keçirilir
Tbilisi, 16 may, AZƏRTAC
Mayın 16-da Tbilisidə Cənubi Qafqazda Təhlükəsizlik Forumu işə başlayıb.
AZƏRTAC xəbər verir ki, forumda Avropa İttifaqının “Şərq tərəfdaşlığı” proqramına üzv ölkələr arasında əməkdaşlığın genişləndirilməsi, Cənubi Qafqazda təhlükəsizlik, bu regionda mövcud olan problemlər, o cümlədən Abxaziya və Dağlıq Qarabağ münaqişələri, onların həlli yolları, Xəzər və Qara dəniz hövzələrində təhlükəsizlik, enerji ehtiyatlarının təhlükəsizliyin təmin olunmasında rolu və digər məsələlər müzakirə olunur.
Açılış nitqindən sonra forum şini panel iclaslarla davam etdirib.
Rondeli Fondu, Slovakiyanın Strateji Siyasət İnstitutu və Fridrix Ebert Fondunun birgə təşkil etdikləri tədbirdə Azərbaycanı ADA Universitetinin əməkdaşları Elnur Sultanov, Anar Vəliyev və digərləri təmsil edir.
Azərbaycanın Gürcüstandakı səfiri Dursun Həsənov forumun açılışında iştirak edib.
ADA Universitetinin dekanı Elnur Sultanov jurnalistlərə müsahibəsində deyib ki, forumda müzakirə olunan məsələlər Azərbaycan üçün mühüm əhəmiyyət kəsb edir: “Nümayəndə heyətimizin üzvləri Azərbaycanın təşəbbüsü ilə həyata keçirilən irimiqyaslı regional layihələrin regionda və Avropada təhlükəsizliyin təmin olunmasında rolu, eləcə də ölkəmizin üzləşdiyi problemlər, haqlı mövqeyi barədə ətraflı məlumat verəcək, debatlarda iştirak edəcəklər. Azərbaycanın haqlı mövqeyi bu tribunadan da dünyaya çatdırılacaq”.
Forum mayın 17-də başa çatacaq.
Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi