SİYASƏT
Tbilisidə “Gürcüstan-Azərbaycan strateji tərəfdaşlığı: Tarix və müasir dövr” kitabının təqdimatı olunub



Tbilisi, 6 iyun, AZƏRTAC
İyunun 6-da İvane Cavaxişvili adına Tbilisi Dövlət Universitetində “Gürcüstan-Azərbaycan strateji tərəfdaşlığı: Tarix və müasir dövr” adlı kitabın təqdimatı olub.
Azərbaycan Respublikasının Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzinin təşəbbüsü və dəstəyi ilə nəşr edilmiş kitabın müəllifi tarix elmləri doktoru Omar Ardaşeliadır.
Müəllif tədbirdə çıxış edərək bildirib ki, kitabda Azərbaycan-Gürcüstan dostluğunun qədim tarixi, müstəqillik illərində münasibətlərimizin yeni müstəvidə inkişafı və strateji tərəfdaşlıq səviyyəsinə yüksəlməsi barədə məlumatlar yer alıb. O, Azərbaycanla Gürcüstan arasındakı əlaqələrin inkişaf dinamikasından bəhs edib, münasibətlərin zaman keçdikcə daha da dərinləşəcəyinə ümidvar olduğunu bildirib. Müəllif kitabın işıq üzü görməsində göstərdiyi dəstəyə görə Azərbaycanın Gürcüstandakı səfirliyinə minnətdarlığını bildirib.
Azərbaycanın Gürcüstandakı səfiri Dursun Həsənov ölkələrimiz arasındakı dostluq əlaqələrindən danışıb, münasibətlərimizin inkişafında ulu öndər Heydər Əliyevin və Prezident İlham Əliyevin xidmətlərini qeyd edib. Diplomat Azərbaycanın və Gürcüstanın birgə iştirakı ilə regionda həyata keçirilən layihələrdən danışıb, bu layihələrin Avropanın da inkişafında mühüm rol oynadığını bildirib.
Strateji Araşdırmalar Mərkəzinin direktoru Fərhad Məmmədov iki ölkə arasındakı tarixi əlaqələrin inkişafından bəhs edib.
Sonra çıxış edən tarix elmləri doktoru Quram Marxuliya, professor Simon Kopadze, Leyla Əliyeva və başqaları kitabla bağlı fikirlərini bölüşüblər.
Tədbirdə Azərbaycan səfirliyinin və konsulluğunun əməkdaşları, Gürcüstanın tanınmış elm xadimləri, beynəlxalq münasibətlər üzrə ekspertlər, universitetin tələbələri, məzunları iştirak ediblər.
Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi