Tbilisidə miqrasiya proseslərinin elektron idarə olunmasına həsr olunmuş beynəlxalq konfrans keçirilib
Tbilisi, 24 oktyabr, AZƏRTAC
Tbilisidə Praqa prosesi çərçivəsində miqrasiya proseslərinin elektron idarə olunması və bu sahədə müasir texnologiyanın tətbiqi mövzusunda beynəlxalq konfrans keçirilir.
AZƏRTAC xəbər verir ki, əsasən miqrasiya proseslərinin elektron idarə olunması məsələlərinin müzakirə olunduğu tədbirdə 60-a yaxın ölkənin nümayəndə heyəti iştirak edir. Ölkəmizi bu konfransda Azərbaycan Dövlət Miqrasiya Xidmətinin (DMX) əməkdaşları təmsil edirlər.
Müzakirələr zamanı müasir dövrdə miqrasiya sahəsində mövcud olan problemlər və onların həlli istiqamətində görülən işlər və qəbul olunan yeni qərarlar geniş müzakirə olunub.
Azərbaycan nümayəndə heyətinin üzvləri ölkəmizdə bu sahədə həyata keçirilən islahatlar, qəbul olunmuş dövlət proqramları, elektron viza sisteminin tətbiqi və DMX-nin fəaliyyət istiqamətləri barədə ətraflı məlumat verib.
Qarşılıqlı fikir və təcrübə mübadiləsi şəraitində keçən konfransda Azərbaycanın təcrübəsi yüksək qiymətləndirilib.
Konfrans işini oktyabrın 25-də davam etdirəcək.
Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi