Tbilisidəki Suxumi Dövlət Universitetində “Cənubi Qafqazda etnik münaqişələr” adlı guşə açılmışdır
Tbilisi, 6 iyun (AZƏRTAC). Qafqaz Beynəlxalq Münasibətlər və Strateji Araşdırmalar Mərkəzi, Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası tərəfindən maliyyələşdirilən “Türkiyə və Gürcüstan universitetlərində Qarabağ guşəsi yaradılması” layihəsi çərçivəsində Tbilisidəki Suxumi Dövlət Universitetində “Cənubi Qafqazda etnik münaqişələr” adlı informasiya guşəsi yaradılmışdır.
Layihənin Gürcüstan üzrə əlaqələndiricisi Aybəy İsayev guşənin yaradılmasının məqsəd barədə məlumat vermişdir. O qeyd etmişdir ki, belə guşə Türkiyənin 5 universitetində yaradılmış, indi isə Gürcüstanda açılmışdır. Məqsədimiz Dağlıq Qarabağ münaqişəsi, həmçinin Gürcüstanda mövcud olan münaqişələr barədə elmi ədəbiyyatları (kitab, jurnal, elektron resurslar) toplayıb burada yerləşdirməklə tələbələri həmin münaqişələrin tarixi, səbəbləri və s. məqamlar haqqında faktlar əsasında məlumatlandırmaqdır.
Azərbaycanın Gürcüstandakı səfirliyinin birinci katibi Vüsal Məmmədov ötən əsrin 90-cı illərində Ermənistanın Azərbaycan torpaqlarını işğal etdiyini, onun beynəlxalq təşkilatların qəsbkarlıq siyasətindən əl çəkməyə çağıran qərar və qətnamələrinə əhəmiyyət vermədiyini, beynəlxalq hüquq normalarını kobud surətdə pozduğunu diqqətə çatdırmışdır.
Diplomat rəsmi Bakının Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə tənzimlənməsi prinsipinə sadiqliyini və bu istiqamətdə məqsədyönlü siyasət yürüdüldüyünü qeyd etmişdir. O, Azərbaycan diplomatiyasının son illər qazandığı uğurlardan da danışmışdır.
Suxumi Dövlət Universitetinin prorektoru İndira Dzaqania guşənin yaradılmasının təqdirəlayiq olduğunu bildirmiş və onun məhz bu universitetdə açılmasına görə təşkilatçılara minnətdarlıq etmişdir.
İ.Dzaqania separatçı qüvvələrin Gürcüstanın və Azərbaycanın ərazi bütövlüyünə qəsdlərinin uzun çəkməyəcəyinə, hər iki ölkənin ərazi bütövlüyünün tezliklə bərpa olunacağına əminliyini qeyd etmişdir.
Universitetin professoru, tarix elmləri doktoru Zurab Papaskiri AZƏRTAC-ın xüsusi müxbirinə müsahibəsində demişdir: “Bu auditoriyada siyasi həyatımızın ağrılı məsələlərinə həsr olunmuş çoxlu görüşlər keçirilir. Bu gün isə Cənubi Qafqazda mürtəce separatizmin törətdiyi qeyri-qanuni hərəkətlər və vəhşiliklər barədə fikir mübadiləsi apardıq. Biz Azərbaycanın və Gürcüstanın üzləşdiyi problemlər barədə gənc nəslə ətraflı məlumat verməklə yanaşı, bunun dünya birliyinin də nəzərinə Ukrayna problemi səviyyəsində kəskin surətdə çatdırılmasına çalışmalıyıq”.
Alim ermənilərin ötən əsrin əvvəllərində Stepan Şaumyanın rəhbərliyi ilə Bakıda törətdikləri vəhşiliklər, bolşevik hakimiyyətinin onlara öz dövlətlərini qurmaqda yardımı, indiki Ermənistanın Azərbaycan torpaqlarında yaradılması və s. faktları diqqətə çatdırmış, dünya birliyinin sadəcə ölkələrin ərazi bütövlüyünü tanımaqla kifayətlənib qəsbkarlara qarşı təsirli tədbir görməməsindən təəssüfləndiyini bildirmişdir.
Suxumi Dövlət Universitetinin professorları Quram Marxulia, Madlena Oçiqava, Qaradəniz Universitetinin professoru İlyas Üstünyar və başqaları guşənin Azərbaycan həqiqətlərinin gənc nəslə çatdırılmasında mühüm rol oynayacağını bildirmiş, dünyada informasiya müharibəsinin getdiyi bir zamanda belə layihələrin vacibliyindən danışmışlar.
İslam Əliyev
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi