Teatr Muzeyində Əməkdar artist Vəfa Fətullayevanın xatirəsi anılıb
Bakı, 20 may, AZƏRTAC
Cəfər Cabbarlı adına Azərbaycan Dövlət Teatr Muzeyinin “Yad edirik” rubrikası davam edir.
AZƏRTAC xəbər verir ki, rubrikanın növbəti tədbiri Azərbaycan peşəkar teatrının tanınmış aktrisası, Əməkdar artist Vəfa Fətullayevanın xatirəsinə həsr olunub.
Muzeyin direktoru, Əməkdar mədəniyyət işçisi Sevinc Mikayılova çıxış edərək, aktrisanın səhnə fəaliyyətindən söhbət açıb, yaradıcılığı haqqında məlumat verib.
Çıxış edən digər natiqlər unudulmaz sənətkarla bağlı xatirələrini bölüşüblər.
Tədbir çərçivəsində aktrisanın həyat və yaradıcılığını əks etdirən fotoşəkillərdən ibarət videoçarx nümayiş olunub, həmçinin oynadığı tamaşalardan və filmlərdən fraqmentlər göstərilib.
Sonda Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının tələbəsi Atefe Qarabaği aktrisanın xatirəsinə ithaf olunmuş konsert proqramı ilə çıxış edib.