AZƏRTAC-ın müxbiri xəbər verir ki, avqustun 21-də saat 19.30 radələrində Ağsu şəhərinin şimal tərəfində Ləngəbiz sıra dağlarında - Gürcüvan, Hinqar və Kövlüc kəndlərinin ətrafında yanğın baş vermişdir. Ertəsi gün küləkli hava yanğını şiddətləndirmiş, təqribən 40 hektar sahədə quru ot və kol-kos yanmışdır. Yerli əhalinin, respublika Mülki Müdafiə Qərərgahı qüvvələrinin, Şamaxı, İsmayıllı, Çöyçay, Ağdaş, Kürdəmir rayonları yanğından mühafizə dəstələrinin, polis əməkdaşlarının köməyi ilə avqustun 22-də gecə saat 12 radələrində şiddətli alov ram edilmiş, avqustun 23-də saat 8.30 radələrində isə yanğın tam söndürülmüşdür. Beləliklə, yaxınlıqda adları çəkilən kəndlər, meşə zolağı, yanacaqdoldurma məntəqəsi, şərab zavodu, yüksək gərginlikli “Abşeron-1” və “Abşeron-2” elektrik xətləri, habelə digər obyektlər üçün təhlükə sovuşdurulmuşdur.
Xoşbəxtlikdən, dövlət əmlakına və vətəndaşlara zərər dəyməmişdir. Hazırda hadisə baş verən ərazidə ehtiyat tədbirləri görülür.
Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Dövlət Yanğın Təhlükəsizliyi İdarəsi əhaliyə müraciət qəbul etmişdir. Müraciətdə deyilir ki, havaların olduqca isti keçməsi ilə əlaqədar yanğın təhlükəsi artmışdır. Odur ki, istirahət yerlərində, meşələrdə olarkən yanğın təhlükəsizliyi qaydalarına ciddi əməl olunmalı, söndürülməmiş siqaret kötükləri yerə atılmamalıdır. İstirahət yerlərində uşaqların odla rəftarına xüsusi diqqət yetirilməlidir. İsti yay aylarında yanğınlar daha böyük fəlakət törədə bilər.