Təhsil eksperti: Vətəndaş məsuliyyətsizliyinin nəticəsi olaraq bir çox hallarda diplomlar yararsız hesab edilir
Kiyev, 18 avqust, AZƏRTAC
Bu gün Ukraynada təhsil alan azərbaycanlı tələbələrin üzləşdiyi problemlərdən ən əsası onların diplomlarının Azərbaycan Respublikasının Təhsil Nazirliyi tərəfindən tanınmamasıdır. Dəfələrlə Təhsil Nazirliyinin elanlarında xaricdə təhsil alarkən müəyyən edilən kriteriyaların nəzərə alınması xahiş edilsə də, vətəndaş məsuliyyətsizliyinin nəticəsi olaraq bir çox hallarda diplomlar yararsız hesab edilir.
Taras Şevçenko adına Kiyev Milli Universitetinin məzunu olmuş soydaşımız, təhsil məsələləri üzrə ekspert Nəsib Alicanov AZƏRTAC-a açıqlamasında bildirib ki, bu gün Azərbaycanda fəaliyyət göstərən bəzi fiziki və hüquqi şəxslər vətəndaşlarımıza düzgün məlumat vermədən Ukrayna universitetlərinə qəbul aparırlar.
“Ukraynanın bir çox universitetinin azərbaycanlılara verdiyi diplomun Təhsil Nazirliyi tərəfindən tanınmaması normaldır. Çünki Ukraynada elə universitetlər var ki, ora sadəcə attestatın surətini təqdim etməklə qəbul olunurlar. Təhsil haqqını ödəyirlər və cəmi bir neçə dəfə universitetdə olurlar, amma nəticədə diplom da alırlar”, - deyə ekspert əlavə edib.
Ukraynada təhsil alan vətəndaşlarımızı diqqətli olmağa çağıran N.Alicanov qeyd edib ki, bu gün Ukraynada kifayət qədər etibarlı universitetlər var. Burada imtahan yolu ilə qəbul keçirilir və tələbələrə lazımi təhsil verilir. Bu cür təhsil alan tələbələrimizin diplomları Azərbaycan Təhsil Nazirliyi tərəfindən tanınır.
Onun sözlərinə görə, azərbaycanlı tələbələr öncədən Ukraynada təhsil alacaqları universitet barədə məlumat toplamalı, onun xarici tələbələr üçün təhsil proqramlarına lisenziyasının olub-olmadığını yoxlamalıdır.
Onu da qeyd edək ki, Azərbaycanın Ukraynadakı səfirliyi bu ölkənin müvafiq qurumları qarşısında məsələ qaldıraraq azərbaycanlıların Ukrayna ali təhsil ocaqlarına qəbulu zamanı xüsusi imtahanların keçirilməsinin vacibliyini vurğulayıb.
Xatırladaq ki, hazırda Ukrayna ali təhsil ocaqlarında 7 min azərbaycanlı təhsil alır.
Emil Hüseynli
AZƏRTAC-ın xüsusi müxbiri
Kiyev