“TƏHSİL HAQQINDA” QANUN İLƏ BAĞLI MÜZAKİRƏLƏR DAVAM EDİR
İclasda “Təhsil haqqında” qanunun layihəsi ikinci oxunuşda müzakirə olunmuşdur. Elm və təhsil məsələləri daimi komissiyasının sədri Şahlar Əsgərov demişdir ki, bir neçə gün əvvəl layihə ilə bağlı geniş konfrans keçirilmişdir. Konfransda bu qanunun qəbulunun zəruriliyi xüsusi vurğulanmış, təhsilimizin bugünkü vəziyyəti və təhsillə bağlı digər məsələlər geniş müzakirə edilmişdir. İşçi qrupu uzun müddət mübahisələrə səbəb olmuş məsələləri və konfransda səslənən təklifləri nəzərə almışdır. Bu qanun çərçivə qanunu olub təhsil sisteminin və onun idarə olunmasının, təhsil prosesi iştirakçıları arasındakı münasibətlərin, onların hüquq və vəzifələrinin, təhsilin iqtisadiyyatının, həmin sahədə beynəlxalq əməkdaşlığın əsas prinsip və normalarını müəyyənləşdirir, təhsilin ayrı-ayrı pillələri üçün müvafiq qanunların və digər qanunvericilik aktlarının qəbul edilməsində baza rolunu oynayacaqdır.
Qanunla bağlı əsas mübahisələrə səbəb, ümumi təhsilin forması, ali təhsilin pilləliyi, təhsil müəssisələri rəhbərlərinin seçilməsi, tələbə qəbulu ilə əlaqədar müddəalar olmuşdur.
Bu məsələlərlə bağlı layihədə deyilir: Ümumi təhsil ikipilləli olacaqdır. Birinci pillə - 9 illik ümumi təhsil məcburi, qalan 2 il isə könüllülük prinsipi əsasında olacaqdır. Ali peşə-ixtisas təhsili ilə bağlı maddədə isə deyilir ki, ali təhsil müəssisələrində mütəxəssis hazırlığı ikipilləli - bakalavr (istiqamətlər üzrə ali təhsil) və magistratura (istiqamət əsasında ixtisaslaşmalar üzrə ali təhsil) əsasda aparılır. Elmi dərəcə almaq isə doktorantura və ya dissertantlıq yolu ilə həyata keçirilir. Bəzi natiqlər bir müddət aspiranturaların da qalmasını təklif etmişlər.
Əvvəlki layihədən fərqli olaraq yeni variantda ali və orta peşə-ixtisas təhsil müəssisələrinə qəbul test üsulu ilə həyata keçirilir (əvvəlki layihədə isə deyilirdi ki, birinci mərhələdə - abituriyentlərin bilik səviyyəsi vahid dövlət imtahanı formasında müəyyənləşdirilir, ikinci mərhələdə isə vahid dövlət imtahanı və ümumi təhsilin yekun nəticələri nəzərə alınmaqla təhsil müəssisəsinin yaratdığı müsabiqə komissiyasının qərarı ilə abituriyent tələbə sıralarına qəbul edilirlər). Amma layihə yenə də mübahisələrə səbəb olmuşdur.
Müzakirələrdə Milli Məclis sədrinin müavini Gövhər Baxşəliyeva, Aparatın rəhbəri Səfa Mirzəyev, daimi komissiyaların sədrləri, ali məktəblərin rektorları iştirak etmişlər.
Layihənin müzakirəsi gələn həftə Milli Məclisin iclasında davam etdiriləcəkdir.