TƏHSİL NAZİRLİYİNDƏ KOLLEGİYA İCLASI KEÇİRİLMİŞDİR
AZƏRTAC-ın müxbiri xəbər verir ki, ali məktəb rəhbərlərinin, rayon təhsil şöbələri müdirlərinin, tanınmış təhsil işçilərinin iştirak etdikləri iclasda nazir Misir Mərdanov çıxış edərək, Azərbaycan Prezidentinin yeni tədris ili ərəfəsində imzaladığı Fərman və Sərəncamın əhəmiyyətindən danışmış, bu sənədlərin ölkəmizin təhsil sisteminin inkişafında mühüm rol oynayacağını vurğulamış, təhsil işçiləri adından dövlətimizin başçısına minnətdarlığını bildirmişdir.
Nazir demişdir ki, sənədlərdə bütün təhsil müəssisələrində dərslərin sentyabrın 15-dən başlanması və ümumtəhsil məktəblərinin bütövlükdə beşgünlük tədris həftəsinə keçidinin təmin olunması, ümumtəhsil məktəblərinin informasiya və kommunikasiya texnologiyaları ilə təminatı mühüm vəzifə kimi qarşıya qoyulmuşdur.
M.Mərdanov xatırlatmışdır ki, ümumtəhsil məktəblərinin informasiya və kommunikasiya texnologiyaları ilə təminatı proqramının həyata keçirilməsi nəticəsində məktəblərdə hər 33 şagirdə bir müasir kompüter düşəcək, üç il ərzində ölkəmizdə təxminən 10 min nəfər yeni iş yeri ilə təmin ediləcəkdir. Hazırda orta məktəblərdə hər 1047 şagirdə bir kompüter düşür.
Rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov Azərbaycan təhsilinə göstərilən dövlət qayğısından söhbət açmış, Prezident Fərmanı və Sərəncamının ölkəmizdə informasiya və kommunikasiya texnologiyalarının inkişafına müsbət təsir göstərəcəyini vurğulamışdır.
İclasda çıxış edən digər natiqlər də həmin sənədləri böyük razılıqla qarşıladıqlarını bildirmişlər.