ELM VƏ TƏHSİL
TƏHSİL NAZİRLİYİNİN İŞÇİLƏRİ ÖLKƏ PREZİDENTİNİN TAPŞIRIQLARINI YERİNƏ YETİRİRLƏR
Respublika Təhsil Nazirliyinin sentyabrın 12-də keçirilmiş geniş kollegiya iclasının gündəliyinə Azərbaycan Prezidenti Heydər Əliyevin Bilik günü Bakının Səbail rayonundakı 6 nömrəli məktəb-litseydə olarkən və ilk özəl ümumtəhsil kompleksinin açılışında, habelə ali məktəblərə qəbul zamanı daha yüksək bal toplamış tələbələrlə görüşdə söylədiyi nitqlərdə təhsil işçiləri qarşısında qoyduğu vəzifələr daxil edilmişdi. İslasda Milli Məclisin elm və təhsil məsələləri daimi komissiyasının sədri Şahlar Əsgərov, Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının sədri Məleykə Abbaszadə, şəhər və rayon təhsil şöbələrinin rəhbərləri iştirak edirdi.
İclasdan əvvəl təhsil naziri Misir Mərdanov qocaman təhsil işçilərini, professorlar İsa Məmmədovu və Məmmədhənifə Musayevi yubileyləri münasibətilə kollegiyanın üzvləri adından təbrik etdi, onlara cansağlığı və yeni uğurlar arzuladı. Yubilyarlara gül-çiçək təqdim olundu. Nazir dövlətimizin başçısı 6 nömrəli məktəb-litseydə olarkən ölkənin təhstil sistemi haqqında ona ətraflı məlumat verildiyinə görə, bu təhsil ocağının direktoru Ceyran Quliyevaya kollegiyanın üzvləri adından təşəkkürünü bildirdi.
Sonra Misir Mərdanov Prezident Heydər Əliyevin yeni dərs ilində qarşıya qoyduğu vəzifələrdən danışdı. O bildirdi ki, təhsilin keyfiyyətinin yaxşılaşdırılması, Azərbaycan dili, ədəbiyyatı, tarixi və coğrafiyasının tədrisinə diqqətin gücləndirilməsi, məktəbəqədər tərbiyə ocaqlarına daha çox uşaq cəlb etmək, məktəbə hazırlıq qruplarının təşkili üçün şərait yaradılması, texniki peşə təhsili sisteminin möhkəmləndirilməsi, yeni tədris proqramları, dərslik və dərs vəsaitləri yaradılması təhsil sistemi işçilərinin fəaliyyətində əsas istiqamətlər olmalıdır. Nazir dedi ki, Azərbaycan rəhbərinin tapşırıqlarını əsas tutaraq, hərtərəfli biliklərə yiyələnməklə yanaşı, xalqımızın çoxəsrlik ənənələri çərçivəsində həyata keçirilməli olan tərbiyə işlərinə diqqətin artırılması da təhsil sisteminin bütün pillələrində öncül istiqamətlərdən birinə çevrilməlidir.
Kollegiya iclasında 6 nömrəli məktəb-litseyin direktoru Ceyran Quliyeva, özəl ümumtəhsil kompleksinin direktoru Elman Məmmədov da çıxış etdilər. E.Məmədov bildirdi ki, tezliklə müsabiqə keçiriləcək və onun yekunlarına əsasən, Bakının müxtəlif məktəblərinin 9-11-ci siniflərinin istedadlı şagirdlərindən kimlərin bu kompleksdə pulsuz təhsil alacağı müəyyən ediləcəkdir.
Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının sədri Məleykə Abbaszadə, parlamentin elm və təhsil məsələləri daimi komissiyasının sədri Şahlar Əsgərov təhsilin keyfiyyətini yaxşılaşdırmağa dair təkliflərini söylədilər.