ELM VƏ TƏHSİL
TƏHSİL SİSTEMİNDƏ İSLAHATLAR LAYİHƏSİNİN ÜÇÜNCÜ MƏRHƏLƏSİ BAŞLANDI
Asiya İnkişaf Bankının himayəsi ilə kiçik və orta sahibkarlığın inkişafı üzrə KOSİA-SMEDA Agentliyinin Belçikanın SEMA korporasiyası ilə birgə Azərbaycanın təhsil sistemində həyata keçirdiyi islahatlar layihəsi özünün üçüncü mərhələsinə qədəm qoymuşdur. Azərbaycanın təhsil sektorunun vəziyyətinin öyrənilməsi üzrə araşdırmalar əslində başa çatdırılmışdır və onun nəticələri yaxın vaxtlarda baxılmaq üçün Asiya İnkişaf Bankının ekspertlərinə təqdim olunacaqdır.
Layihənin üçüncü mərhələsində SEMA ekspertləri tərəfindən respublikada təhsil sektorunun araşdırılmasının qəti təshih edilməsi və həmin sahəyə aid qanunvericilik bazası, Təhsil Nazirliyində, habelə bu sahənin problemləri ilə məşğul olan bir sıra yerli və beynəlxalq təşkilatların nümayəndələri ilə görüşlərin təhlili əsasında yerli tərəfdaşlarla birlikdə tövsiyələr paketi hazırlanması nəzərdə tutulur. Bundan əlavə, üçüncü mərhələ çərçivəsində İnternet-baza yaratmaq və layihənin iştirakçısı olan bütün ölkələrin apardıqları araşdırmaların nəticələrini burada yerləşdirmək planlaşdırılmışdır. Bu isə gələcəkdə həmin sahədə təcrübə mübadiləsi aparmaq üçün ondan bir forma kimi istifadə etməyə imkan verəcəkdir.
Üçüncü mərhələ başa çatdıqdan sonra Bişkəkdə üçüncü, yekun konfransı keçirmək nəzərdə tutulmuşdur. Konfransda layihənin bilavasitə iştirakçıları ilə yanaşı, müxtəlif beynəlxalq qurumların nümayəndələri də iştirak edəcəklər.