REGİONLAR
Təhsil Tələbə Kreditindən yararlanma səviyyəsi üzrə GDU tələbələri qabaqcıl sıralardadır
Gəncə, 29 aprel, Elcan Məmmədov, AZƏRTAC
Təhsil Tələbə Krediti Fondunun rəyasət heyətinin sədr müavini Tahir Xələfov və Maliyyə iqtisad şöbəsinin baş mütəxəssisi Məmmədəli Abdin Gəncə Dövlət Universitetində tələbələrlə görüş keçiriblər.
Azərbaycanın Dövlət Himninin səsləndirilməsi ilə başlanan tədbirdə Vətən müharibəsi şəhidlərinin xatirəsi bir dəqiqəlik sükutla yad olunub.
Universitetdən AZƏRTAC-ın bölgə müxbirinə verilən məlumata görə, görüşdə GDU-nun Tədrisin təşkili və idarə olunması sektorunun müdiri, Təhsil Tələbə Krediti Fondunun universitet üzrə məsul nümayəndəsi Sevinc Quliyeva təhsil sahəsində həyata keçirilən layihələrdən danışıb. Bildirib ki, Elm və Təhsil Nazirliyinin tabeliyində yaradılan Təhsil Tələbə Krediti Fondunun fəaliyyətinin əsas məqsədi təhsilin əlçatanlığını təmin etməkdir. Sevinc Quliyeva vurğulayıb ki, tələbələr arasında mütəmadi olaraq geniş maarifləndirmə işləri aparılır, fond tərəfindən daxil olan məlumatlar gənclərin diqqətinə çatdırılır.
Fondun rəyasət heyətinin sədr müavini Tahir Xələfov və baş mütəxəssisi Məmmədəli Abdin kreditlərin verilməsi şərtləri, mərhələləri və kredit şərtlərinin üstünlükləri barədə ətraflı məlumat veriblər. Bildirilib ki, Təhsil Tələbə Krediti Fondu fəaliyyətə başladığı dövrdən Gəncə Dövlət Universiteti fəallıq göstərib. Kreditlərdən yararlanma səviyyəsi üzrə GDU tələbələri qabaqcıl sıralardadır.
Sonda təhsil kreditlərinin verilməsi ilə bağlı tələbələrin sualları ətraflı cavablandırılıb.