TƏKMİLLƏŞDİRMƏ MƏRHƏLƏSİNDƏ
MDB-də razılaşdırılmış sosial və demoqrafik konsepsiyanın işlənib hazırlanması nəzərdə tutulmuşdur.
MDB İcraiyyə Komitəsinin mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, bunu Belarus və Ukraynanın qadın ictimai təşkilatları fəallarının Minskdə keçirilən görüşündə MDB İcraiyyə Komitəsi sədrinin birinci müavini Vladimir Qarkun bildirmişdir. O xatırlatmışdır ki, dekabrda MDB-nin yaranmasının 17 ili tamam olur. V.Qarkun demişdir: “Tarix baxımından bu, qısa müddətdir. Buna baxmayaraq, MDB-də konkret müsbət nailiyyətlər kifayət qədərdir”. Birlik dövlətlərinin iqtisadi yüksəlişini belə nailiyyətlərdən hesab etmək olar. 2007-ci ildə MDB üzrə ÜDM orta hesabla 9 faiz artmışdır. Xarici ticarət dövriyyəsinin, ixrac-idxal əməliyyatlarının ümumi həcmi çoxalmışdır.
Hazırda MDB təkmilləşmə mərhələsindədir. Birliyin gələcək inkişaf konsepsiyası qəbul olunmuş və uğurla həyata keçirilir. 2020-ci ilədək iqtisadi inkişaf strategiyasının layihəsi işlənib hazırlanır. İqtisadi və humanitar əməkdaşlıq, MDB ölkələrinin təhlükəsizliyinin təmin olunması prioritet istiqamətlərdəndir.
V.Qarkun vurğulamışdır ki, İcraiyyə Komitəsində MDB ölkələri qadın ictimai təşkilatları fəallarının görüşlərinin keçirilməsi xoş ənənəyə çevrilmişdir.