TƏLƏBƏ QƏBULU ÜZRƏ DÖVLƏT KOMİSSİYASININ MƏLUMATI
Tələbə Qəbulu üzrə Dövlət Komissiyası 2002/2003-cü tədris ili üçün Azərbaycan Respublikasının dövlət və qeyri-dövlət orta ixtisas məktəblərinə orta təhsil bazasından (11 illik təhsil) tələbə qəbulu elan edir.
Abituriyentlər sənədlərini sentyabrın 6-dan 15-dək hər gün (şənbə və bazar günləri də daxil olmaqla) saat 9.00-dan 18-dək orta ixtisas məktəblərində yaradılmış Sənəd Qəbulu Komissiyalarında (SQK) təqdim edirlər.
Abituriyentlər sənədlərini istənilən orta ixtisas məktəbrində yaradılmış Sənəd Qəbulu Komissiyasında təqdim edən və ərizələrində seçdikləri qrupa daxil olan istənilən ixtisasları göstərə bilərlər.
Abituriyentlər SQK-na aşağıdakı sənədləri təqdim etməlidirlər: orta təhsil haqqında sənədin əsli, şəxsiyyət vəsiqəsi və ya pasport (16 yaşı 2002-ci ilin avqustun 1-dək tamam olmayanlar doğum haqqında şəhadətnamənin əslini), hamısı eyni olmaq şərti ilə yeni çəkilmiş 3X4 ölçüdə 4 fotoşəkil.
Qarşısında ulduz (*) işarəsi olan xüsusi qabiliyyət imtahanı tələb edən ixtisasları seçən abituriyentlər sentyabrın 6-dan 13-dək seçdikləri xüsusi qabiliyyət imtahanı tələb edən ixtisasların aid olduğu texnikumların hər birində qabiliyyət imtahanında iştirak etməli, sentyabrın 15-dək texnikumlarda yaradılmış Sənəd Qəbulu Komissiyalardan birində ərizə forması doldurmalıdırlar.
Abituriyentlərə xüsusi qabiliyyət imtahanı tələb edən ixtisaslarla yanaşı, müvafiq qrup daxilində digər ixtisasların da kodlarını seçmək imkanı verilir.
Qabiliyyət imtahanının nəticələri “məqbul” və ya “qeyri-məqbul”la qiymətləndirilir.
Qabiliyyət imtahınından müvəffəq qiymət ala bilməyən abituriyentlər ərizələrində yalnız qabiliyyət imtahanı tələb etməyən ixtisasları göstərə bilərlər.
İxtisaslar üzrə müsabiqə yalnız test imtahanından toplanılan ballar əsasında aparılır.
Orta ixtisas məktəblərinin “xarici dil (ingilis dili)” ixtisaslarını seçən abituriyenlər həmin texnikumlarda sentyabrın 6-dan 13-dək ingilis dili üzrə müsahibədən keçməlidirlər. Əks halda, onların həmin ixtisasları nəzərə alınmır.
Bu il 49 dövlət və 5 qeyri-dövlət (2001-ci ildə müvafiq olaraq 63 dövlət və 4 qeyri-dövlət) orta ixtisas məktəbinin 825 ixtisası üzrə 10331 plan yeri (keçən il 12911 yer) ayrılmışdır. Onlardan 9411 yer dövlət (keçən il 12171), 920 yer isə qeyri-dövlət (keçən il 740) orta ixtisas məktəblərindədir. Dövlət orta ixtisas məktəblərinin 4667 plan yeri (keçən il 5227) ödənişli əsaslarladır. Plan yerlərinin 6643-ü Azərbaycan (keçən il 8577), 912-i isə rus (keçən il 864) bölməsinin payına düşür, 2776 yerə isə (keçən il 3470) birgə müsabiqə keçiriləcəkdir.
Orta ixtisas məktəblərinin siyahısı, qəbul qaydaları, elanı, “Abituriyentin ərizəsi” formasının doldurulma qaydası, ixtisas kodları “Abituriyent” jurnalının 10-cu sayında dərc olunmuşdur. Orta ixtisas məktəblərinə tələbə qəbulu ilə bağlı bütün məlumatlarla TQDK-nın internet saytından tanış olmaq mümkündür: WWW.tqdk.gov.az