Tələbələr fövqəladə hallar zamanı təhlükəsizlik tədbirləri barədə məlumatlandırılıblar
Bakı, 1 mart, AZƏRTAC
Martın 1-də Azərbaycan Dillər Universitetində (ADU) 1 Mart - Beynəlxalq Mülki Müdafiə Gününə həsr olunan tədbir keçirilib.
ADU-dan AZƏRTAC-a bildirilib ki, tədbirdə universitetin tərbiyə işləri üzrə prorektoru vəzifəsini icra edən Sərraf Hüseynov 1 mart tarixinin dünyanın bir sıra ölkələrində Beynəlxalq Mülki Müdafiə Günü kimi qeyd olunduğunu deyıb. Diqqətə çatdırılıb ki, ADU-da bu əlamətdar günlə bağlı keçirilən tədbir tələbələrin maariflənməsinə töhfəsini verəcək.
Fövqəladə Hallar Nazirliyinin (FHN) Mülki Müdafiə Qoşunları İdarəsinin rəis müavini, polkovnik Qüdrət Ağayev təmsil etdiyi qurumla ADU arasında əməkdaşlıqdan söz açıb. Beynəlxalq Mülki Müdafiə Günü haqqında geniş məlumat verən Q.Ağayev diqqətə çatdırıb ki, FHN dövlət mülki müdafiə sahəsində əhalinin mühafizəsi ilə bağlı tədbirlərin planlaşdırılması və həyata keçirilməsi, insanların təhlükəsizliyinin təmin edilməsi ilə bağlı üzərinə öhdəlik götürüb. Nazirliyin tərkibindəki qurumlar ən müasir texnika və avadanlıqlarla təchiz edilib, peşəkar xilasedici kadrlar hazırlanıb.
Vurğulanıb ki, fövqəladə halların qarşısının alınmasında profilaktik tədbirlərin görülməsi, dəyə biləcək maddi ziyan və itkilərin maksimum azaldılması, fövqəladə halların nəticələrinin aradan qaldırılması mülki müdafiənin əsas məqsədlərindəndir.
Tədbirdə, həmçinin səyyar mobil laboratoriya, radiasiya və müəyyən qrup qazları aşkarlayan cihazlar, onların taktiki, texniki göstəriciləri, əleyhqaz, dəri mühafizə vasitələri və digər avadanlıqların istifadəsi barədə məlumat verilib.