Tələbələr narkotiklərin insan orqanizminə məhvedici təsirləri barədə maarifləndiriliblər
Bakı, 17 may, AZƏRTAC
Mayın 16-da Narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə üzrə Dövlət Komissiyasının İşçi Qrupu və Bakı Slavyan Universitetinin birgə təşkilatçılığı ilə “Narkomaniyaya yox” mövzusunda maarifləndirici tədbir təşkil edilib.
Dövlət Komissiyasının mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, tədbirdə Bakı Slavyan Universitetinin tərbiyə işlər üzrə prorektoru, Narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə üzrə Dövlət Komissiyasının İşçi Qrupunun və BSU-nun tələbələrlə iş şöbəsinin nümayəndəsi iştirak ediblər.
Tələbələrə narkomaniyanın doğurduğu faciələr, narkotik vasitələrdən asılılıq, psixoaktiv maddələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə, narkotiklərin insan orqanizminə məhvedici təsirləri, o cümlədən gənclərin asudə vaxtın səmərəli təşkil olunması barədə slaydlar vasitəsilə ətraflı məlumat verilib.
Sonda Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupu tərəfindən hazırlanmış “Narkotiklər haqqında həqiqəti bilin”, “Marixuana haqqında həqiqət” və “Psixotrop maddələr haqqında həqiqət” adlı bukletlər iştirakçılara təqdim edilib.