TƏLƏBƏLƏRİMİZ PARİSDƏ RESPUBLİKA GÜNÜNÜ QEYD ETMİŞLƏR
Mərasim iştirakçılarını milli geyimdə oğlan və qız qarşılamış, onlara cəmiyyətin nəşr etdirdiyi “Körpü” jurnalının yeni nömrəsini təqdim etmişlər.
Tədbirin əvvəlində ölkəmizin tarixi abidələrini, gözəl mənzərələrini, mədəni irsini əks etdirmiş “Lider” televiziyasının istehsalı olan qısametrajlı sənədli film ingilis dilində nümayiş etdirilmişdir.
Aparıcı, tələbə Kəmalə Gülməmmədova mərasimi açdıqdan sonra Azərbaycanın milli himni səslənmişdir.
Assosiasiyanın prezidenti, Paris - 8 Universiteti Avropaşünaslıq fakültəsinin magistrantı Mirvari Fətəliyeva çıxış edərək Azərbaycanın milli bayramları arasında Respublika gününün xüsusi yeri, 1918-ci ildə Şərq aləmində ilk demokratik və müstəqil ADR-in yaranması, süqutunun səbəbləri barədə məlumat vermiş, 1991-ci ildə ölkəmizin yenidən müstəqillik əldə etdikdən sonra dünyanın bir çox ölkələri, o cümlədən Fransa ilə sıx dostluq əlaqələri yaratdığını diqqətə çatdırmış, təşkilatın və “Körpü” jurnalının fəaliyyətindən söhbət açmışdır.
Hüquqşünas Jan Kurto çıxışında kiçik yaşlarından Azərbaycana olan xüsusi rəğbətindən, 1948-ci ildə yazdığı “1918-ci ildə Azərbaycanın müstəqilliyi” adlı diplom işindən, imkanları çərçivəsində Azərbaycan və azərbaycanlılar üçün xeyirli olan hər hansı bir işi görməyə hazır olmasından danışmışdır.
Müstəqil jurnalist Bertran Renuvən Azərbaycanın çox maraqlı bir ölkə olduğundan söhbət açmış, xalqımızın qonaqpərvərliyinin onda xoş təəssüratlar yaratdığını söyləmiş, qədim tarixə, zəngin mədəniyyətə malik Azərbaycana, onun təbiətinə qəlbən vurulduğunu bildirmiş, azərbaycanlılar arasında özünə çoxlu yeni dostlar tapdığını xüsusi vürğulamışdır.
Sonbon Universitetinin musiqi fakültəsinin tələbəsi Səidə Zülfüqarova Azərbaycan bəstəkarlarından Cövdət Hacıyevin, Qara Qarayevin, Tofiq Quliyevin və dahi L.V.Bethovenin əsərlərindən parçaları ifa etmişdir. Almaniyada musiqi təhsili alan həmyerlilərimiz Kira Qolubyeva pianoda, Fuad İbrahimov isə skripkada Arif Məlikovun, avropalı bəstəkarlardan C.Bramsın , H.Viökstanın və M.Bruxun əsrlərini ifa etmişlər. Onların çıxışları alqışlarla qarşılanmışdır.
Qonaqlar Azərbaycan milli mətbəxinin nümunələrindən dadmışlar. Sonra onlar xalqımızın ən qədim sənət nümunəsi olan xalçalara, digər sənət əsərlərinə, ölkəmizin turizmlə bağlı yerlərini əks etdirən kitab və broşüralara baxmışlar.
Mərasimdə Fransa ictimaiyyətinin nümayəndələri, BMT-nin ekspertləri, Total firmasının əməkdaşı, Xarici Ölkələrdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsinin işçisi Sevinc Xəlilova, Parisdə yaşayan və təhsil alan azərbaycanlılar iştirak etmişlər.