TƏLƏBƏLƏRİMİZ PARİSDƏ RESPUBLİKA GÜNÜNÜ QEYD ETMİŞLƏR
Mərasim iştirakçılarını milli geyimdə oğlan və qız qarşılamış, onlara cəmiyyətin nəşr etdirdiyi “Körpü” jurnalının yeni nömrəsini təqdim etmişlər.
Tədbirin əvvəlində “Lider” televiziyasının ölkəmizin tarixi abidələrini, gözəl mənzərələrini, mədəni irsini əks etdirən qısametrajlı sənədli film ingilis dilində nümayiş etdirilmişdir.
Aparıcı, tələbə Kəmalə Gülməmmədova mərasimi açdıqdan sonra Azərbaycanın dövlət himni səslənmişdir.
Assosiasiyanın prezidenti, Paris - 8 Universiteti Avropaşünaslıq fakültəsinin magistri Mirvari Fətəliyeva çıxış edərək, Azərbaycanın milli bayramları arasında Respublika gününün xüsusi yeri, 1918-ci ildə Şərqdə ilk demokratik və müstəqil dövlətin yaranması, süqutunun səbəbləri barədə məlumat vermiş, 1991-ci ildə ölkəmizin yenidən müstəqillik əldə etdikdən sonra dünyanın bir çox ölkələri, o cümlədən Fransa ilə sıx dostluq əlaqələri yaratdığını diqqətə çatdırmış, təşkilatın və “Körpü” jurnalının fəaliyyətindən söhbət açmışdır.
Hüquqşünas Jan Kurto çıxışında kiçik yaşlarından Azərbaycana olan xüsusi rəğbətindən, 1948-ci ildə yazdığı “1918-ci ildə Azərbaycanın müstəqilliyi” adlı diplom işindən, imkanları çərçivəsində Azərbaycan və azərbaycanlılar üçün faydalı olan hər hansı bir işi görməyə hazır olmasından danışmışdır.
Müstəqil jurnalist Bertran Renuvən Azərbaycanın çox maraqlı bir ölkə olduğundan söhbət açmış, xalqımızın qonaqpərvərliyinin onda xoş təəssüratlar yaratdığını söyləmiş, qədim tarixə, zəngin mədəniyyətə malik respublikamıza, onun təbiətinə qəlbən vurulduğunu bildirmiş, azərbaycanlılar arasında özünə çoxlu yeni dostlar tapdığını xüsusi vurğulamışdır.
Sonbon Universitetinin musiqi fakültəsinin tələbəsi Səidə Zülfüqarova bəstəkarlardan Qara Qarayevin, Tofiq Quliyevin, Cövdət Hacıyevin və Bethovenin əsərlərindən parçaları ifa etmişdir. Almaniyada musiqi təhsili alan həmyerlilərimiz Kira Qolubeva pianoda, Fuad İbrahimov isə skripkada Azərbaycan və Qərb ölkələri bəstəkarlarının əsərlərini ifa etmişlər.
Qonaqlar Azərbaycan milli mətbəxinin nümunələrindən dadmış, xalqımızın ən qədim sənət nümunəsi olan xalçalara, ölkəmizin turizmlə bağlı yerlərini əks etdirən nəşrlərə baxmışlar.
Mərasimdə Fransa ictimaiyyətinin nümayəndələri, BMT-nin ekspertləri, Total firmasının, Xarici Ölkələrdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsinin əməkdaşları, Parisdə yaşayan və təhsil alan azərbaycanlılar iştirak etmişlər.