Tələbələrin maliyyə vəziyyətinin yaxşılaşması onların təhsilinin keyfiyyətinə də müsbət təsir göstərir
Xırdalan, 28 fevral, Ətrabə Rzayeva, AZƏRTAC
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tələbə və doktorantların təqaüdlərinin artırılması ilə bağlı sərəncamları təqdirəlayiq bir addımdır. Çünki tələbələrin maliyyə vəziyyətinin yaxşılaşması onların təhsilinin keyfiyyətinə də müsbət təsir göstərir.
Bunu AZƏRTAC-ın müxbirinə müsahibəsində Bakı Mühəndislik Universitetinin dosenti Elçin Süleymanov deyib.
“Əminik ki, tələbələrin sosial problemlərinin həlli istiqamətindəki bu qərar onlar arasındakı rəqabəti daha da gücləndirəcək və təhsilimizin beynəlxalq səviyyədə uğurları üçün töhfə olacaq. Bu da son nəticədə təhsilin inkişafına səbəb olacaq. Bundan qazanan isə tələbə ilə yanaşı, həm də cəmiyyətdir”, - deyə E.Süleymanov qeyd edib.