TƏQSİRKARLARIN CİNAYƏT İŞİNƏ AĞIR CİNAYƏTLƏRƏ DAİR MƏHKƏMƏDƏ BAXILACAQDIR
Bilavasitə hadisə yerinə gəlmiş Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamı ilə qəzanın səbəblərinin araşdırılması və onun nəticələrinin aradan qaldırılması üçün Dövlət Komissiyası yaradılmışdı.
Respublika Baş Prokurorluğu və Daxili İşlər Nazirliyi mətbuat xidmətlərinin mayın 3-də AZƏRTAC-a daxil olmuş məlumatında bildirilir ki, dövlət başçısının göstərişinə uyğun olaraq, həmin yaşayış binasının digər sakinlərinin köçürülməsi, həlak olanların ailələrinə və yaralananlara, habelə maddi ziyan dəymiş şəxslərə müvafiq kompensasiyaların ödənilməsi və digər təxirəsalınmaz tədbirlərin görülməsi komissiya tərəfindən təmin edilmişdir.
Baş vermiş hadisə ilə əlaqədar dərhal Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 222.1.2-ci, 222.2-ci və 314.2-ci maddələri ilə cinayət işi başlanılmaqla, Baş Prokurorluq və Daxili İşlər Nazirliyinin birgə istintaq- əməliyyat qrupu yaradılmışdır.
Aparılmış istintaqla təmir-tikinti sahəsinə məsul olan bir sıra şəxslərin səhlənkarlığa və sui-istifadə hallarına yol vermələri barədə aşkar edilmiş faktlar kütləvi informasiya vasitələri ilə yayımlanmışdır.
Davam etdirilən istintaq-əməliyyat tədbirləri, eləcə də Maliyyə və Vergilər nazirliklərinin təftişləri nəticəsində o da müəyyən olunmuşdur ki, Azərbaycan Respublikası Dövlət Tikinti və Arxitektura Komitəsi tərəfindən Tikilməkdə Olan Obyektlərin Birləşmiş Müdiriyyətinin fəaliyyəti üzərində heç bir nəzarət həyata keçirilməmiş, nəticədə, bu qurumun vəzifəli şəxsləri dövlət əmlakını və maliyyə vəsaitlərini külli miqdarda mənimsəmişlər.
2003-cü ilin dekabr ayında həmin təşkilat ilə “Texnikisənayetikinti” Məhdud Məsuliyyətli Cəmiyyət arasında Lənkəran şəhərinin Baloğlan Abbasov küçəsində yerləşən evin gücləndirmə işlərinə ayrılmış pul vəsaitindən başqa, Bakı şəhərində və Quba rayonunda yerləşən bir sıra digər obyektlərdə də görüləcək işlər üçün ayrılmış 519 milyon manat pul vəsaiti tikinti materialları almaq adı ilə “Rəvan” Məhdud Məsuliyyətli Cəmiyyətin hesabına köçürülərək nağd şəkildə bankdan götürülmüş və onun 467 milyon manatı mənimsənilmişdir. Mənimsənilmiş pul vəsaitinin istintaq zamanı görülmüş tədbirlər nəticəsində tam şəkildə ödənilməsi təmin edilmişdir. Eyni zamanda, təxminən 1 milyard 800 milyon manat məbləğdə maliyyə vəsaitinin vergidən yayındırılması faktı da müəyyən olunmuşdur.
Törətdikləri cinayət əməllərinə görə Dövlət Tikinti və Arxitektura Komitəsinin Tikilməkdə Olan Obyektlərin Birləşmiş Müdiriyyətinin direktoru İlham Nəsirov, “Texnikisənayetikinti” Məhdud Məsuliyyətli Cəmiyyətin direktoru Zeynal Şıxəliyev, həmin müəssisənin baş mühasibi, eyni zamanda Dövlət Tikinti və Arxitektura Komitəsinin Tikilməkdə Olan Obyektlərin Birləşmiş Müdiriyyətinin texniki nəzarətçisi Vüsal Nəsirov, “Rəvan” Məhdud Məsuliyyətli Cəmiyyətin müdiri Xalis Dadaşov, Lənkəran Şəhər İcra Hakimiyyəti başçısının şəhər təsərrüfatı üzrə müavini Zakir Əhədov, şəhərin baş memarı Asəf Hüseynov və Mənzil Təsərrüfatı İstehsalat-İstismar Müəssisəsinin rəisi Nicat Bağırov cinayət məsuliyyətinə cəlb olunmuş və barələrində cinayət işi baxılması üçün Ağır Cinayətlərə dair işlər üzrə Azərbaycan Respublikası Məhkəməsinə göndərilmişdir.
Qəza hadisələrinin təkrarlanmaması, vətəndaşların təhlükəsizliyinin etibarlı təmin olunması məqsədi ilə tikinti, yenidənqurma və təmir işləri zamanı yol verilən mənfi təzahürlərin qarşısının qətiyyətlə alınması sahəsində səmərəli və qabaqlayıcı tədbirlərin görülməsinin vacibliyi haqqında respublika Baş Prokurorluğu tərəfindən aidiyyəti orqanlara təqdimatlar göndərilmiş və müvafiq vəsatətlər qaldırılmışdır.