Təranə Seyid: Simpoziumda ikinci rəsmimi Çıraqqalaya həsr etdim
Bakı, 14 oktyabr, AZƏRTAC
Qalaaltına gələrkən mənzərə çəkəcəyimi düşünürdüm, anacaq Şuşa mövzusu aktual olduğu üçün növbəti işimi Qarabağın mədəniyyət incisi Şuşaya həsr etdim.
Bu sözləri “XAZART” incəsənət simpoziumu iştirakçısı rəssam Təranə Seyid AZƏRTAC-a müsahibəsində deyib.
Şuşada olarkən orada bir sıra eskizlər etdiyini deyən rəssam bildirib ki, sonradan onların əsasında iri ölçüdə rəsmlər yaradıb. Həmin eskizlərdən bir neçəsini qoruyub saxlayan Təranə Seyid “XAZART” incəsənət simpoziumunda bir daha Şuşa mövzusuna qayıtdığını söyləyib. O deyib: “Şuşa məndə o qədər pozitiv enerji oyatdı ki, hətta şəhərin dağıdılmış binaları, abidələri gözümdə incəsənət nöqteyi-nəzərindən gözəl görünürdü. Şuşada gün ərzində hava bir neçə dəfə dəyişir, gah dağları duman basır, gah da günəş buludların arasından boylanır və işığın düşmə bucağından şəhərin mənzərəsi dəyişir. Bütün bunlar məni bu gözəlliyi yenidən tabloya köçürməyə vadar etdi”.
Təranə Seyid simpoziumda ikinci rəsmini Çıraqqalaya həsr edib. Yaradıcılığında öz palitrasından istifadə etdiyini deyən rəssam bildirib ki, daha çox impressionist üslubuna müraciət edir: “Rəssamlığın fotoqrafiyadan fərqi ondadır ki, rəssam mövzuya yaradıcı yanaşır, təxəyyülündə olanları istədiyi formada əks etdirir, realizm janrında isə gördüyünü tabloya köçürür”.