TƏRƏFLƏR ƏLAQƏLƏRİN İNKİŞAFINDA MARAQLIDIR
Milli Məclisin sədri Azərbaycan ilə Fransa arasında əlaqələrin qədim tarixindən danışmış, ölkəmizin bu əlaqələrin inkişafında maraqlı olduğunu qeyd etmişdir. Oqtay Əsədov bildirmişdir ki, bu gün ölkələrimiz arasında siyasi, iqtisadi, mədəni əlaqələr yüksələn xətlə inkişaf edir. Dövlətlərimizin başçılarının ciddi səyi sayəsində münasibətlərimiz daha da möhkəmlənmiş, bir sıra sahələrdə əməkdaşlığımız genişlənmişdir. Hökumətlərarası müştərək komissiyaların səyi nəticəsində Azərbaycana sərfəli şərtlərlə kreditlər ayrılmışdır. Fransanın iri neft şirkətləri iqtisadiyyatımıza xeyli sərmayə yatırmışlar. Biz parlamentlərarası əlaqələrin daha yüksək səviyyəyə çatmasına çalışırıq və ümid edirik bu sahədə qarşıya qoyduğumuz məqsədə nail olacağıq. Sonra Oqtay Əsədov Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi, Azərbaycanın bu məsələdə tutduğu ədalətli mövqe barədə ətraflı məlumat vermiş, ATƏT-in Minsk qrupunun həmsədrlərindən biri olan Fransanın münaqişənin beynəlxalq hüquq normaları çərçivəsində həlli üçün səylərini artıracağına ümidvar olduğunu bildirmişdir.
Bernar Amodrik dü Şafo, səfir kimi, Azərbaycanda fəaliyyət göstərməsindən məmnunluğunu ifadə etmiş, ölkələrimiz arasında əlaqələrin qədim tarixə malik olması faktını təsdiqləmişdir. Bildirmişdir ki, bu günlərdə Parisdə NATO Parlament Assambleyasının yaz sessiyası keçiriləcək və bu tədbirdə Azərbaycan Prezidenti İlham Əliyev də iştirak edəcəkdir. Diplomat belə səfərlərin əlaqələrimizin inkişafında böyük əhəmiyyət kəsb etdiyini və bu qarşılıqlı səfərlərin hökumətlər və parlamentlər səviyyəsində də davam etdirilməsinin vacibliyini vurğulamışdır.
Sonra görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılmışdır.