DÜNYA
Terri Breton: Aİ-nin müdafiə potensialını artırmaq üçün 100 milyard avro lazımdır
Bakı, 18 yanvar, AZƏRTAC
Avropa İttifaqı müdafiə sənayesinin gücünü artırmalıdır və bunun üçün təxminən 100 milyard avro lazımdır.
AZƏRTAC xəbər verir ki, Avropanın daxili bazar üzrə komissarı Terri Breton bu barədə “Public Senat” telekanalının efirində deyib.
“Müdafiə sənayesinin potensialını artırmaq üçün 100 milyard avroya ehtiyac var. Avropa İttifaqına üzv dövlətlərin razılaşacağı təqdirdə həmin vəsaiti tapa bilərik”, - deyə Terri Breton bildirib. Lakin o, Brüsselin bunun üçün hansı tədbirlər görməli olduğu barədə açıqlama verməyib.
Qeyd edək ki, 2023-cü ilin sentyabrında Avropa Parlamentinin üzvləri ümumi satınalmalar vasitəsilə Aİ-nin müdafiə sənayesi bazasının gücləndirilməsi üçün alətin yaradılması təklifini dəstəkləyib. Birgə kommünikedə Avropanın müdafiə potensialının son dərəcə parçalanmış və səmərəsiz olduğu və hərbi-sənaye kompleksinin məhsullarının uyğunsuzluğu vurğulanıb. Yeni alətin köməyi ilə hərbi təyinatlı məhsullara ümumi xərclərin 35 faizə çatdırılması gözlənilir. 2021-ci ildə bu göstərici 18 faiz təşkil edib.