Tərtər rayonunda quraşdırılan modul tipli iki məktəb binası tezliklə istifadəyə veriləcək
Tərtər, 27 mart, AZƏRTAC
Son illərdə respublikamızda ənənəvi məktəb binalarının inşası ilə yanaşı, modul tipli məktəblərin quraşdırılması da həyata keçirilir. Modul tipli məktəblərin üstünlüyü onların azməsrəfli olması, qısa müddət ərzində istənilən relyefdə quraşdırılması, asan daşınması, sinif otaqlarının sayının şagirdlərin sayına uyğun olaraq rahatlıqla azaldılıb-artırılmasıdır. Modul tipli məktəblərin tikintisində əsasən yerli istehsal məhsullarından istifadə edilir.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, tezliklə Tərtər rayonunun Kovdadıq və Zolgəran kəndlərində quraşdırılan modul tipli binalar müəllim və şagirdlərin istifadəsinə veriləcək. Məktəb binalarının tikinti-quraşdırma işləri Prezident İlham Əliyevin "Ağdam, Laçın, Füzuli və Tərtər rayonlarında təhsil infrastrukturunun inkişafı ilə əlaqədar tədbirlər haqqında" 2018-ci il 16 fevral tarixli Sərəncamı ilə ayrılan vəsait hesabına həyata keçirilib.
Kovdadıq kənd ibtidai məktəb üçün quraşdırılan bina 20, Zolgəran kənd ümumi orta məktəbi üçün qurulan bina isə 56 şagird yerlikdir. Artıq tikinti-quraşdırma işləri başa çatıb. Məktəb binaları müasir avadanlıqlar və mərkəzləşdirilmiş istilik sistemi ilə təmin edilib. Hazırda binaların su təminatı üçün işlər davam etdirilir, həyətlərində abadlıq işləri aparılır, yaşıllıqlar salınır.
Qeyd edək ki, ötən il Tərtər rayonunun Bayandur və Poladlı kəndlərində də modul tipli məktəb binaları quraşdırılıb.