Tərtərdə “Konstitusiya və Suverenlik İli” çərçivəsində inşa yazı müsabiqəsi keçirilib
Tərtər, 5 may, AZƏRTAC
Tərtərdə “Konstitusiya və Suverenlik İli” çərçivəsində “Ümummilli Lider Heydər Əliyev Müstəqil Azərbaycan Konstitusiyasının müəllifidir” mövzusunda məktəblilər arasında inşa yazı müsabiqəsi keçirilib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Tərtər Rayon İcra Hakimiyyətinin, YAP Tərtər Rayon Təşkilatının, Qarabağ Regional Təhsil İdarəsinin Tərtər və Ağdərə rayonları üzrə təhsil sektorunun birgə təşkilatçılığı ilə keçirilən müsabiqədə 35 ümumi təhsil məktəbinin şagirdləri iştirak ediblər. Əvvəlcə Ümummilli Lider Heydər Əliyevin və şəhidlərin ruhu bir dəqiqəlik sükutla yad edilib.
Çıxış edənlər Ulu Öndər Heydər Əliyevin Azərbaycan xalqı və dövləti qarşısında xidmətlərindən, gənc nəslə və təhsilin inkişafına göstərdiyi diqqət və qayğıdan danışıb, dahi rəhbərin təşəbbüsü ilə hazırlanmış Azərbaycan Respublikasının Konstitusiyası, onun referendum yolu ilə qəbul edilməsi barədə şagirdlərə geniş məlumat veriblər.
Sonra məktəblilər düşüncələrini kağız üzərinə köçürüblər.
İnşa yazı müsabiqəsində fərqlənən şagirdlər YAP Tərtər Rayon Təşkilatı və Təhsil sektoru tərəfindən fəxri fərmanla təltif ediləcəklər.