Tərtərdə ümumtəhsil məktəblərinin şagirdləri arasında şahmat üzrə rayon turniri keçirilib
Tərtər, 18 yanvar, AZƏRTAC
Tərtər Uşaq-Gənclər İdman-Şahmat Məktəbində 20 Yanvar şəhidlərinin xatirəsinə həsr olunmuş ümumtəhsil məktəblərinin şagirdləri arasında şahmat üzrə rayon turniri keçirilib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Tərtər Rayon İcra Hakimiyyətinin, Təhsil Şöbəsinin, Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə keçirilən yarışda 8-10, 10-12, 12-14 yaş qrupları üzrə ümumilikdə 52 şagird iştirak edib.
Əvvəlcə ölkəmizin suverenliyi, ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.
Tərtər Rayon İcra Hakimiyyətinin əməkdaşı Rəvan Həsənov, Gənclər və İdman İdarəsinin rəis müavini Şəhram Quliyev çıxış edərək, 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə Azərbaycanda törədilən qanlı hadisələrdən danışıblar.
Sonra turnirə start verilib. Yarış olimpiya sistemi əsasında keçirilib. Qaliblər Gənclər və İdman idarəsinin diplomları ilə təltif ediləcəklər.