DÜNYA
Texaslı vandal Uoll-Stritdəki məşhur “Hücum edən öküz” heykəlini zədələyib
Vaşinqton, 9 sentyabr, AZƏRTAC
Dallas şəhərinin (Texas ştatı) sakini Nyu-Yorkda, Uoll-Stritin və Birləşmiş Ştatların iqtisadi qüdrətinin ən populyar rəmzlərindən biri olan “Hücum edən öküz” heykəlini zədələyib.
AZƏRTAC Dallas polisinin məlumatına istinadla xəbər verir ki, bürünc heykələ metal əşya ilə zərbə vurulması nəticəsində öküzün sağ buynuzu zədələnib.
Bu vandallığın bəzi şahidləri heykələ gitara ilə, başqaları isə “banco” adlanan musiqi aləti ilə zərbə endirildiyini bildirirlər. Zərbə yerində dəlik yaranıb. Hadisə şahidləri vandalın heykələ zərbə vurarkən ABŞ Prezidenti Donald Trampın ünvanına nalayiq sözlər dediyini də eşidiblər.
Polis bildirir ki, bu hadisəni törətməkdə şübhəli bilinən 42 yaşlı Dallas sakini Tevon Varlak bazar günü saxlanılıb. Ona bir neçə maddə üzrə ittiham təqdim edilib.
Yusif Babanlı
AZƏRTAC-ın xüsusi müxbiri
Vaşinqton