MƏDƏNİYYƏT
Teymur Göyçayev: Üzeyir Hacıbəyli Azərbaycan musiqi tarixində misilsiz rola malikdir
Bakı, 18 sentyabr, Anara Axundova, AZƏRTAC
Hər il sentyabrın 18-də Azərbaycanda Milli Musiqi Günü qeyd olunur. Bu bayram müasir peşəkar musiqi sənətimizin banisi Üzeyir Hacıbəylinin doğum günündə keçirilir. Əlamətdar gün münasibətilə Azərbaycanda Üzeyir Hacıbəyli Beynəlxalq Festivalı da açılır.
Bu əlamətdar gündə AZƏRTAC-ın müxbiri ölkəmizin mədəniyyət və incəsənət xadimləri, musiqiçilərlə söhbət edib.
Teymur Göyçayev – Azərbaycanın Xalq artisti, “Şöhrət” ordeni kavaleri, Bülbül adına orta ixtisas musiqi məktəbinin direktoru:
-Hökumətimizin və şəxsən Mehriban xanım Əliyevanın dəstəyi sayəsində Azərbaycan xalq musiqisinin təbliği çox yüksək səviyyəyə qaldırılıb, muğam festivalları təşkil olunur. Əlbəttə akademik musiqiyə də böyük diqqət yetirilir, amma burada bəzi məsələləri qeyd etmək istərdim. Musiqini təbliğ etmək zəruridir. Media bu məsələdə böyük rol oynayır. Gəncləri klassik musiqi əsasında yetişdirmək lazımdır. Klassik musiqiyə tələbat var, sadəcə, onu dinləyicilərə çatdırmaq lazımdır. Biz müxtəlif bölgələrdə konsertlər vermişik, həm də klassik musiqi nümunələri təqdim etmişik. Təsəvvür edə bilməzsiniz, yerli sakinlər bu musiqini necə böyük maraqla dinləyirdi! Çünki xalqımız çox istedadlıdır və yaxşı əsəri çox asan qəbul edə bilir.
Üzeyir Hacıbəyli şəxsiyyətinin Azərbaycan üçün əhəmiyyətinə gəlincə, bu amili Qaqarinin kosmosun fəthindəki rolu ilə müqayisə etmək olar. O, klassik musiqi sahəsində pioner idi, mümkün olan hər şeyin - ilk simfonik orkestrin, ilk notlu xalq orkestrinin, Bülbül adına məktəbin, onun adını daşıyan konservatoriyanın yaradıcısı idi. Leninqrad və Moskva konservatoriyalarından qabaqcıl müəllimləri dəvət edirdi, onlara burada hər cür şərait yaradırdı və onlar azərbaycanlı uşaqlara musiqi dərsi keçməyə başladılar. Nəticədə Qara Qarayev, Fikrət Əmirov, Fərhad Bədəlbəyli, Sabir Əliyev və başqalarından ibarət bütöv bir musiqi qalaktikası meydana gəldi. Bu, dahiyanə bir qərar idi.