TİKİNTİ SƏRGİSİ İLƏ BAĞLI MƏTBUAT KONFRANSI KEÇİRİLMİŞDİR
Respublika Dövlət Tikinti və Memarlıq Komitəsi informasiya və xarici əlaqələr şöbəsinin rəisi Azər Xanlarov jurnalistlərə bildirmişdir ki, sentyabrın 24-də İdman və Sərgi Kompleksində açılacaq sərgini “İTE Group Plc” və onun Qafqazdakı eksklüziv tərəfdaşı - “İteca Caspian Ltd” Şirkəti təşkil etmişdir. Üç gün davam edəcək sərgidə dünyanın 22 ölkəsindən 120-dən artıq şirkət iştirak edəcəkdir.
Qeyd olunmuşdur ki, “BakuBuild-2003” Qafqazda ən böyük inşaat və tikinti sərgisidir. Garadagh Cement, Baku steel company, 2M engineering, Behrud, Aikon, Onduline, Knauf, Herz, Kompen, Solimec və digər şirkətlər üç gün ərzində iştirakçılara inşaat materialları və xidmətləri, avadanlıq, bəzək materialları, elektrotexnika məhsulları və keramika, sanitariya texnikası malları, pəncərələr, qapılar, istilik-hava tənzimləyici sistemləri təqdim edəcəklər. İlk dəfə olaraq burada Finlandiyanın milli sərgisi nümayiş etdiriləcəkdir.
Sərginin keçirildiyi günlərdə şirkətlərin təqdimat mərasimləri, seminarlar təşkil olunacaq, sərginin rəsmi nəşri olan “BakuBuild xəbərləri” qəzeti çap ediləcəkdir. Qəzetdə inşaat materialları bazarına dair icmal və digər yazılar öz əksini tapacaqdır.
Mətbuat konfransında bildirilmişdir ki, “BakuBuild İTE Group Plc”nin beynəlxalq sərgilər keçirməkdə böyük təcrübəsi vardır. O, indiyədək “Batimat MosBuild” (Moskva), “Baltiya İnşaat Həftəsi” (Sankt-Peterburq), “KazBuild” (Qazaxıstan), “UzBuild” (Özbəkistan) və sair sərgilər keçirilmişdir.
Jurnalistlərə ölkəmizdə sahibkarlığın inkişafı üçün yaradılmış şərait, aparılan tikinti işləri barədə də məlumat verilmişdir. Qeyd olunmuşdur ki, Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin müvafiq fərmanlarına əsasən 2003-cü ildən başlayaraq sahibkarlara tətbiq edilən vergilər azaldılmış, hüquqi şəxslərin qeydiyyatı və xarici vətəndaşların viza alması qaydaları sadələşdirilmişdir. Lisenziyaların sayı minumuma endirilmişdir. Bütün bunlar ölkə iqtisadiyyatının qeyri-neft bölməsinə xarici sərmayəsinin cəlb olunmasına güclü təkan vermişdir. Hazırda həmin sərmayənin ümumi məbləği 200 milyon ABŞ dollarından artıqdır. Yerli və əcnəbi şirkətlər inzibati və yaşayış binalarının tikintisinə böyük sərmayə qoyurlar. 2002-ci illə müqayisədə cari ildə tikinti sənayesinə qoyulan sərmayələrin məbləğinin 2,6 dəfə artdığı müşahidə olunur.
Mətbuat konfransında KİV nümayəndələrini maraqlandıran suallara cavab verilmişdir.