Tokioda keçirilən seminarda Azərbaycanın nailiyyətlərindən söhbət açılıb
Tokio, 11 noyabr, AZƏRTAC
Noyabrın 11-də Azərbaycanın Yaponiyadakı səfirliyində keçirilən seminarın iştirakçılarına ölkəmizin tarixi, mədəniyyəti, iqtisadi nailiyyətləri, Yaponiya ilə münasibətləri və UNESCO-da fəaliyyəti haqqında ətraflı məlumat verilib.
“Odlar Yurdu Azərbaycan” adlı seminar Tokio şəhərinin “Minato UNESCO” qeyri-hökumət təşkilatının nümayəndələrinin iştirakı ilə keçirilib.
Seminarda qeyd edilib ki, xalqımızın ümummilli lideri Heydər Əliyevin rəhbərliyi ilə Azərbaycanda qanunun aliliyinə əsaslanan hüquqi dövlətin qurulması istiqamətində ardıcıl və məqsədyönlü iş aparılıb. Ulu öndər Heydər Əliyevin xalqımız qarşısında ən böyük xidmətlərindən biri də onun rəhbərliyi ilə müstəqil Azərbaycanın ilk milli Konstitusiyasının hazırlanması olub. 1995-ci il noyabrın 12-də referendum yolu ilə qəbul edilmiş ilk Konstitusiya ölkəmizdə dövlətçiliyin inkişafı, hüquqi dövlət quruculuğu, demokratik dəyərlərin bərqərar olmasında mühüm rol oynayır.
Qonaqlara Prezident İlham Əliyevin həyata keçirdiyi siyasət nəticəsində Azərbaycanın müasir inkişafa, sürətli iqtisadi tərəqqiyə nail olması və regionda lider dövlətə çevrilməsi haqqında da məlumat verilib.
Bildirilib ki, Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın ciddi səyləri nəticəsində ölkəmizin maddi və qeyri-maddi mədəni irsinin qorunub saxlanılmasına və UNESCO-nun Dünya İrs Siyahısına salınmasına nail olunub. Mehriban Əliyevanın UNESCO-nun xoşməramlı səfiri kimi çoxtərəfli və genişmiqyaslı fəaliyyəti ilə yalnız Azərbaycanda deyil, onun hüdudlarında çox-çox uzaqlarda da yaxşı tanındığı qeyd edilib.
Azərbaycanda dini tolerantliq, qeyr-neft sektorunun təşviqi, beynəlxalq tədbirlərə uğurla ev sahibliyi etməsi, xüsusilə “Bakı-2015” ilk Avropa Oyunları haqqında məlumatlar qonaqlar tərəfindən maraqla qarşılanıb.
Sonda seminar iştirakçılarına Azərbaycanın milli mətbəxinin nümunələri təqdim olunub.
Vüqar Ağayev
AZƏRTAC-ın xüsusi müxbiri
Tokio