Tokioda son sutka ərzində koronavirusa 258 yoluxma halı qeydə alınıb
Tokio, 22 avqust, AZƏRTAC
Yaponiya paytaxtında son sutka ərzində koronavirusa 258 yoluxma halı qeydə alınıb. Bununla da Tokioda virusa yoluxanların sayı son iki gündür ki, 200 nəfəri ötür.
AZƏRTAC yerli KİV-lərə istinadla xəbər verir ki, ümumiyyətlə Yaponiya paytaxtında COVID-19 virusuna yoluxanların sayı 18 min 800 nəfəri keçib. Tokio hökuməti əhalini səfərlərdən çəkinməyə, ailəvi və qrup halında axşam yeməyindən imtina etməyə çağırır.
Məsələni şərh edən Tokionun qubernatoru Koike Yuriko deyib: “Təsdiq edilən yoluxmaların sayı hələ də yüksəkdir. Xəstəlik bütün şəhər boyunca və müxtəlif yaş qrupları - xüsusən də ciddi xəstəliklərə meyilli olan yaşlı insanlar arasında yayılmaqda davam edir”.
Yoluxucu xəstəliklər üzrə mütəxəssislərlə görüşən İqtisadi Bərpa naziri Nişimura Yasutoşi isə virusla mübarizənin yolları barədə fikirlərini bölüşüb. Həmçinin koronavirusla mübarizəyə cavabdeh olan nazir, peyvənd əldə edildikdən sonra onun ilkin olaraq kimlərə verilməsi məsələsini müzakirə edib. Peyvəndin ilk növbədə səhiyyə işçilərinə, yaşlılara verilməsi məqsədəuyğun hesab olunur. Habelə sanitar həkimlərin, səhiyyə mərkəzlərinin işçilərinin, hamilə qadınların və ahıllar evlərinin əməkdaşlarının ilkin olaraq peyvəndi almasının vacibliyi diqqətə çatdırılır. Bununla əlaqədar hökumət tərəfindən tövsiyələrin yaxın aylarda hazırlanmasının zəruriliyi də bildirilir.
Xatırladaq ki, Yaponiya hökuməti Böyük Britaniyanın “AstraZeneca” və ABŞ-ın “Pfizer” şirkətləri tərəfindən hazırlanacaq peyvəndin tədarükü barədə razılıq əldə dib. Eyni zamanda, peyvəndin hazırlanması ilə bağlı yerli şirkətlərə dəstək verilir. Məqsəd gələn ilin ortalarından peyvəndin tətbiqinə başlamaqdır.
Qeyd edək ki, son məlumatlara görə, Yaponiyada koronavirusa yoluxanların sayı 61 min nəfəri ötüb. Onlardan 1100-dən çoxu həyatını itirib.
Vüqar Ağayev
AZƏRTAC-ın xüsusi müxbiri
Tokio