Tovuzlu qadınlar ölkədə həyata keçirilən sosial-iqtisadi siyasətin fəal iştirakçılarıdırlar
Tovuz, 7 mart, Famil Quliyev, AZƏRTAC
Tovuz Rayon İcra Hakimiyyətində 8 Mart - Beynəlxalq Qadınlar Günü münasibətilə tədbir keçirilib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, tədbirdə rayon icra hakimiyyətinin başçısı Tofiq Zeynalov çıxış edərək rayonun ictimai-siyasi həyatında iştirak edən qadınları bayram münasibətilə təbrik edib. Bildirilib ki, ümummilli lider Heydər Əliyev hər zaman qadınların əməyini yüksək qiymətləndirib. Bu siyasət bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Milli mənəvi dəyərlərimizin, adət-ənənələrimizin keşiyində şərəflə dayanan qadınlarımız həmişə Azərbaycanın müstəqilliyi, güclü və qüdrətli dövlətə çevrilməsi yolunda böyük işlər görüblər.
Qeyd olunub ki, Azərbaycan xalqının milli-mədəni irsinin öyrənilməsində, xalqımızın dərin köklərə malik musiqisinin, ədəbiyyatının və mədəniyyətinin təbliğində Birinci vitse-prezident, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın fəaliyyəti örnək kimi qəbul edilir. Fəaliyyəti ilə müasir Azərbaycan qadınının obrazını yaradan, UNESCO-nun və ISESCO-nun xoşməramlı səfiri, Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın gördüyü işlər beynəlxalq miqyasda da yüksək qiymətləndirilir.
Diqqətə çatdırılıb ki, tovuzlu qadınlar da bu gün ölkəmizdə həyata keçirilən sosial-iqtisadi siyasətin fəal müdafiəçiləri və iştirakçılarıdırlar. Rayonun qadınları tarixin taleyüklü məqamlarında həmişə öz sözlərini deyiblər və milli maraqlara söykənən mövqelərini nümayiş etdiriblər.
Tədbirdə vurğulanıb ki, dövlətimizin başçısının imzaladığı Sərəncama əsasən 1 saylı Aşağı Quşçu kənd tam orta məktəbin direktoru Elmira Mürşüdlü “Tərəqqi” medalı ilə təltif olunub.
Sonra rayonun ictimai-siyasi həyatında fəal iştirak edən qadınlara gül dəstələri və hədiyyələr verilib.