REGİONLAR
Tovuzun Hunanlar kəndində yetişdirilən kök xarici bazarlara çıxarılır VİDEO
Tovuz, 20 may, Famil Quliyev, AZƏRTAC
Tovuzda faraş kök yığımına başlanılıb. Rayonun Hunanlar kəndində kütləvi becərilən bitki yüksək məhsuldarlığı ilə seçilir. Kök su sevən olduğundan əsasən, Kür çayı sahilində yerləşən ərazilərdə əkilir. Oktyabrda əkilən bitkinin məhsulu aprelin sonlarında yığılır. Sakinlər bildirirlər ki, yığım təzə başlanan zaman kökün 1 kiloqramının qiyməti 70-80 qəpik arasında dəyişir. Hazırda isə sahələrdə kökün qiyməti 50 qəpikdir.
Kənd sakini Xaliq Ələsgərov AZƏRTAC-ın müxbiri ilə söhbətində bildirib ki, məhsul əsasən paytaxt və Rusiya bazarlarına göndərilir. Xarici bazara çıxarılan məhsul kəndin girişində iritonnajlı avtomobillərə yüklənərək daşınır. Məhsul bol olduğundan qiymət günbəgün ucuzlaşır və bunu nəzərə alan sakinlər yığımı tez yekunlaşdırmağa çalışırlar.
Qeyd edək ki, kənddə 320 hektar sahədə kök əkilib və yığım iyul ayına qədər davam edəcək.