TRANSAZƏRBAYCAN ELEKTRİK XƏTTİNİN ÇƏKİLİŞİ BAŞA ÇATDIRILDI
Astara (Azərbaycan) – Astara (İran) dövlətlərarası elektrik xəttinin çəkilişi başa çatdırılmışdır. İyulun 8-də iki ölkənin sərhədində, Azərbaycan Astarasında bu əlamətdar hadisə münasibətilə təntənəli mərasim keçirilmişdir. Mərasimdə hər iki ölkənin milli energetika baş idarələrinin - “Azərenerji”nin və “Tavanir”in rəhbərləri, əməkdaşları, habelə mütəxəssislər iştirak edirdilər. Mərasimdə bildirildi ki, yeni elektrik xəttinin işə salınması energetika və ümumən iqtisadiyyat sahəsində Azərbaycan-İran münasibətlərinin inkişafına təkan verəcək, bir-birinə ötürülən elektrik enerjisinin həcmini xeyli artırmağa imkan yaradacaqdır. Layihənin həyata keçirilməsi Azərbaycan Respublikasının, ilk növbədə, cənub bölgəsinin enerji təchizatını yaxşılaşdırmağa imkan verəcəkdir. Diqqətəlayiq haldır ki, layihə “Azərenerji” Səhmdar Cəmiyyəti hökumət təminatı vermədən, İran tərəfinin ayırdığı kreditin hesabına həyata keçirilmişdir. Kredit pul ilə deyil, xüsusən yay aylarında Azərbaycanın enerji sistemində artıq olan, İranın isə kəskin ehtiyac duyduğu elektrik enerjisinin ekvivalent həcmi ilə qaytarılacaqdır. Azərbaycan və İran energetikləri yeni istiqamət boyunca dayaqların quraşdırılmasını və elektrik xəttinin çəkilişini başa çatdırmışlar. Onun axırıncı hissəsi iki ölkənin dövlət sərhədindən keçir. Hər iki tərəfdəki “bir nömrəli” dayaqlar nəzarət-iz zolağının bir neçə metrliyində ucaldılmışdır. Elektrik xəttinin naqilləri də bu zolağın üzərində birləşdirilmişdir. Astara-Astara iki qonşu ölkənin enerji sistemlərini birləşdirən ikinci elektrik xəttidir. İndiyədək oxşar enerji mübadiləsi dövlətimizin başçısı Heydər Əliyevin təşəbbüsü ilə tikilmiş İmişli (Azərbaycan) – Parsabad (İran) elektrik xətti ilə həyata keçirilirdi. Yaxın gələcəkdə onun imkanlarını paralel olaraq bu cür elektrik xəttinin çəkilməsi hesabına genişləndirmək nəzərdə tutulur. Burada, sərhəddə “Azərenerji” və “Tavanir“ ekspertlərinin görüşü keçirildi. Görüşdə elektrik xəttindən istifadənin şərtləri müzakirə edildi, bu və ya digər normativlər və göstəricilər razılaşdırıldı. Qeyd edək ki, Azərbaycan tərəfindən işlər 110 kilovoltluq “Astara” yarımstansiyasının, İran tərəfindən isə 230 kilovoltluq “Gilani” yarımstansiyasının bazasında yerinə yetirilir. Yeni elektrik xəttinin gücü 110 kilovoltdur, lakin perspektivi nəzərə alaraq, Azərbaycan və İran mütəxəssislərinin danışıqlarında həmin xəttin gücünü 220 kilovolta çatdırmaq qərara alınmışdır. Yeni elektrik xəttindən istifadənin səmərəliyini yüksəltmək məqsədilə “Azərenerji” 2003-cü ildə Astaradakı yarımstansiyanı modernləşdirmək və ona ümumsistem statusu vermək niyyətindədir. Burada köhnəlmiş avadanlıq təzələnəcək, bina əsaslı surətdə təmir edilib yenidən qurulacaq, iş yerlərində yeni texnika qoyulacaq və digər işlər görüləcəkdir.