MƏDƏNİYYƏT
Turizm və rekreasiya zonalarının yaradılması istiqamətində Türkiyə təcrübəsi öyrənilib
Bakı, 19 sentyabr, AZƏRTAC
Turizm və rekreasiya zonalarının yaradılmasında əsas aspektlərin mənimsənilməsi, zonalarının inkişaf etdirilməsi və davamlılığının təmin edilməsi istiqamətində Türkiyə təcrübəsinin öyrənilməsi məqsədilə Dövlət Turizm Agentliyinin nümayəndə heyəti Ankara və Afyonkarahisar şəhərlərinə səfər ediblər. Səfər Dövlət Turizm Agentliyi və Türkiyənin Mədəniyyət və Turizm Nazirliyi arasında yaradılmış Azərbaycan-Türkiyə Turizm üzrə Birgə Komissiyanın 3-cü iclasının yekunlarına dair Fəaliyyət Planının icrası məqsədilə həyata keçirilib.
Dövlət Turizm Agentliyindən AZƏRTAC-a bildirilib ki, səfər çərçivəsində Türkiyə Turizm Nazirliyinin İnvestisiya və Müəssisələr üzrə Baş İdarəsinin nümayəndələri və Afyonkarahisar şəhərinin rəsmiləri ilə işgüzar görüşlər keçirilib. İkitərəfli turizm əlaqələrinin perspektivləri, təcrübə mübadiləsi məsələləri müzakirə edilib və birgə fəaliyyətlərin həyata keçirilməsinə dair razılıqlar əldə edilib.
Həmçinin Türkiyənin termal paytaxtı hesab olunan Afyonkarahisar şəhərinin bu istiqamətdə təcrübəsinin Kəlbəcər rayonunda termal su mənbələrinin müalicə-sağlamlıq məqsədilə istifadəsinin tətbiq edilməsi üzrə dəyərləndirmələr aparılıb.